PDF Oxu

Mədəniyyət

  • 423

Akademik Opera və Balet Teatrı Münhen Opera Sənəti Festivalına hazırlaşır

Akademik Opera və Balet Teatrı Münhen Opera Sənəti Festivalına hazırlaşır

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi Avropada ən mötəbər musiqi festivallarından biri olan Münhen Opera sənəti festivalının bədii rəhbəri cənab Lüdviq Baumanın dəvəti ilə bu festivalda iştirak etməyə hazırlaşır.

Teatrın mətbuat xidmətindən "Səs" qəzetinə verilən məlumata görə, simfonik orkestr bu il Münhen Opera festivalında artıq dördüncü dəfə iştirak edəcəkdir. 2007, 2008 və 2010-cu illərdə simfonik orkestrimizin festivalda iştirakı həm festivalın təşkilatçıları, həm musiqi tənqidçiləri, həm də Almaniyanın KİV-i tərəfindən bəyənilmiş və yüksək qiymətləndirilmişdi.

Orkestrin qastrol səfəri avqustun 4-dən 9-na kimi olan müddətə nəzərdə tutulmuşdur. Musiqiçilərimizin iştirak edəcəyi qala-konsert avqustun 7-də baş tutacaqdır.

Orkestrdə Qərbi Avropa bəstəkarlarının əsərləri ilə yanaşı, Azərbaycan bəstəkarları - Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov və Polad Bülbüloğlunun da musiqiləri səslənəcəkdir.

Orkestrin çıxışını Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, xalq artisti, professor Cavanşir Cəfərov və Münhen Opera Sənəti Festivalının bədii rəhbəri və baş dirijoru Korneliya fon Kerssenbrofk idarə edəcəklər. Simfonik orkestrin Almaniyaya qastrol səfəri Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə baş tutacaqdır.

Paytaxtımızın aparıcı musiqi kollektivlərindən biri olan Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Simfonik Orkestrinin Almaniyada keçirilən bu nüfuzlu festivalda iştirakı orkestrin yüksək professional səviyyəsinin parlaq nümunəsi olmaqla yanaşı, həm də bütünlükdə respublikada akademik sənətin Avropa miqyasında artıq özünü təsdiq etdiyini bir daha sübut edir.

Digər xəbərlər