Türkiyənin Mersin vilayətinin Silifke rayonunda TÜRKSOY-un təşkilatçılığı ilə türkdilli dövlətlərdən qatılan sənətçilərin iştirak etdiyi "38-ci Beynəlxalq Silifke Mədəniyyət Həftəsi" çərçivəsində final konserti təqdim olundu.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə Azərbaycandan festivala qatılan müğənnilər Günel Ələkbərova, Nurlan Əzizbəyli və Cəlal Abbasov finalda uğurla çıxış etdilər.
Qeyd edək ki, Cəlal Abbasov 38-ci Beynəlxalq Türkdilli Ölkələrin Pop Musiqisi İfaçılarının Festivalında birinci yerə layiq görülüb, Nurlan Əzizbəyli TÜRKSOY-un xüsusi mükafatı ilə təltif edilib, Günel Ələkbərova isə münsiflər heyətinin qərarı ilə "Ən yaxşı səhnə obrazı" adına layiq görülüb.
İkinci yerin sahibi Qazaxıstandan Araylım Jukenova, üçüncü yerin sahibi isə Qırğızıstandan Kural Cokoyev oldu. Xatırladaq ki, finala qədər Günel səhnədə iki dəfə çıxış edib və üç mahnısı - sözləri Bəxtiyar Vahabzadə, musiqisi Cavanşir Quliyevə məxsus "Azərbaycan-Türkiyə", söz və musiqisi Yaşar Usubun olan "Çatlasınlar" və Rüstəm Zeynallının Cəlal Qurbanovun sözlərinə yazmış olduğu "Yarıma deyin" bəstələri ilə fərqli performansla tamaşaçı rəğbətini qazanıb. Azərbaycan və Türkiyə bayraqlarını tutan Ələkbərova "Azərbaycan-Türkiyə" mahnısına ikinci nəfəs verdi.
Cəlal Abbasov və Nurlan Əzizbəyli isə cəmi bir dəfə səhnəyə çıxıblar. Cəlal sözləri Dəmir Gədəbəyli, musiqisi Elza İbrahimovaya məxsus "Ey Vətən" və Eldar Mansurovun Vahid Əzizin sözlərinə bəstələdiyi "Bayatılar"ını ifa edib. Nurlanın ifalarına gəldikdə, müğənni əvvəlcə söz və musiqisi Polad Bülbüloğluna məxsus "Gəl, ey səhər" və öz bəstəsi olan "Qayıt, ömrümə qayıt" mahnısı ilə çıxış edib.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti Bakıya iyulun 8-də qayıdacaq.
Bütün Polşa onun haqqında danışır...