Küveyt Dövlətinin Mədəniyyət və Ədəbiyyat Milli Şurasının təşkilatçısı olduğu 14-cü Beynəlxalq Yay Musiqi Festivalı çərçivəsində bu ölkədəki Azərbaycan səfirliyinin təşəbbüsü ilə Əl-Küveyt şəhərinin Əbdüləziz adına Mədəniyyət Mərkəzində keçirilən Küveyt-Azərbaycan müsiqisi gecəsində tanınmış skripkaçı Səlim Abbasovun konserti olub.
Konsertdə Səlim Abbasov Küveyt, Azərbaycan və ərəb təranələrini özündə təcəssüm etdirən musiqi parçalarını böyük ustalıq və məharətlə ifa edib. Konsert proqramı Küveyt musiqisevərlərinin böyük rəğbətinə səbəb olmuş və onlar Azərbaycan ifaçısını ayaq üstündə alqışlamışlar. Konsertin sonunda Səlim Abbasova 14-cü Beynəlxalq musiqi festivalının mükafatı təqdim olunub.
Tədbirdə Mədəniyyət və Ədəbiyyat Milli Şurasının yüksək rütbəli şəxsləri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, parlamentin deputatları, tanınmış ictimai-siyasi xadimlər, həmçinin, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.
Konsert proqramı Küveyt kütləvi informasiya vasitələrinin də diqqət mərkəzində olub. Belə ki, konsert proqramı Küveytin aparıcı televiziya kanalları - 1-ci, 2-ci, "Ər-Rai" və "Əl-Vətən" kanalları tərəfindən lentə alınıb. Tədbirdə Küveytin nüfuzlu "Ər-Rai", "Əl-Qabas" və "Əs-Siyasə" qəzetlərinin müxbirləri də iştirak ediblər.
Qeyd edək ki, iyulun 3-də Küveytin "İsmayıl TV" televiziya kanalına dəvət olunmuş Səlim Abbasov geniş proqramından bir neçə musiqi parçasını ifa edib.
Bütün Polşa onun haqqında danışır...