Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının səhnəsində Azərbaycanın xalq yazıçısı Elçinin eyniadlı dram əsəri əsasında "Qatil" tamaşasının premyerası olmuşdur.
Teatrın baxış rejissoru, respublikanın əməkdar artisti Firudin Məhərrəmovun quruluş verdiyi səhnə əsərində gecələrini şagird dəftərlərini yoxlaya-yoxlaya, öz düşüncələrini ucadan söyləməklə tənha qadın həyatı sürən qırx yaşlı kimya müəlliməsini Xatirə Süleymanova və o yağışlı zülmət gecədə bədahətən onun həyatına girmiş keçmiş şagirdini Oqtay Mehdiyev məharətlə ifa etmişlər.
Müəllimini Qarabağ müharibəsinin odundan-alovundan keçdiyinə, bu 18 il ərzində yalnız onun xəyalı ilə yaşadığına, onu sevdiyinə inandırmağa çalışan, əslində isə, yalnız öz mənfəətini güdən "qəhrəmanı" qarşısında qadının romantik ruhu aciz qalır və ona aldanır. Tənhalığından bezən qadın ümidini Tale Ulduzuna bağlayaraq həyatının yeganə "şahzadəsini" öz Dünyasına buraxır.
Şirin röyanın acı həqiqəti əsərin qəhrəmanını qəflətdən oyadır. Ulduz sönür, "kavalerin" maskası düşür və o, bir göz qırpımında bayağı şantajçıya, fırıldaqçıya və əclafa çevrilir. Bu yaxınlıq göstərən oğlandan qurtulmaq əsil işgəncəyə çevrilir. Ümidsizliyə qapılan qadın öz hökmünü verir. Şampan qədəhinə zəhər qataraq onu öldürür. Və bu anda tamaşaçı qarşısında iki qatil canlanır: "sevgilisini" cismən öldürmüş qadın və onun ruhunu öldürmüş saxta aşiq.
Yazıçının 2005-ci ildə qələmə aldığı əsər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında səhnələşdirilib. Tamaşa Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində və Türkiyə teatrlarında da böyük uğurla oynanılıb.
Əsərin premyerasına pyesin müəllifi, baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev, Milli Məclisin deputatı Muxtar Babayev, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Sahib Quliyev, şəhər ictimaiyyətinin nümayəndələri tamaşa ediblər.
Bütün Polşa onun haqqında danışır...