Mədəniyyət və Turizm Nazirliyindən aldığımız məlumata görə, Azərbaycan kitabxanaları arasında ilk dəfə olaraq Quba rayon MKS-nin təşəbbüsü ilə şəhərin mərkəzi meydanında "Mütaliə həftəsi" adlı aksiya keçirilir. Aksiyanın həftənin sonunadək davam etdirilməsi nəzərdə tutulub.
Tədbirdə giriş sözü ilə çıxış edən Quba rayon icra hakimiyyəti başçısının müavini Xanımsona Əkbərova kitaba, mütaliəyə əhalinin marağının artırılması və bu sahədə kitabxanaların fəaliyyətinin genişləndirilməsinin vacib məsələ olduğunu qeyd etdi. Quba rayonunda ilk dəfə keçirilən aksiyanın əhəmiyyətindən danışan rayon mədəniyyət və turizm şöbəsinin müdiri Elxan Məhərrəmov kitabxanaları bu sahədə fəal olmağa, oxuculara daha fərqli və maraqlı informasiya təqdim etməyə çağırdı.
Aksiyanın keçirilməsində məqsəd oxucuların kitaba və kitabxanaya olan marağını artırmaq, mütaliəni təbliğ etməkdir. Tədbirdə təşkil olunmuş mütaliə stolunda oxucular üçün mütaliə imkanı yaradılmışdır. Oxucular burada yeni kitablarla, habelə, gündəlik dərc olunan qəzetlərlə tanış ola bilərlər. Aksiyada "Yeni oxucuların qeydiyyat stolunda" oxuculara kitabxanaya üzv olmaq imkanı yaradılmışdır.
Mütaliə həftəsində rayon MKS-yə yeni daxil olmuş və oxucuların böyük marağına səbəb olacaq kitablar nümayiş etdirilir.
Tədbirdə "Müstəqilliyimiz əbədidir", "Heydər Əliyevin layiqli davamçısı", "Doğma Qarabağım", "2011-ci il turizm ilidir", "Kitabxanalarımız bu gün", "Müəllif hədiyyəsi", "Tarix-keçmişdən gələcəyə", "Müasir Quba yazarları" və s. mövzularda sərgilər nümayiş etdirilir. Mütaliə həftəsində 1000-ə yaxın latın qrafikalı Azərbaycan ədəbiyyatı, 20 adda qəzet, jurnal və xeyli sayda müxtəlif dillərdə çap məhsulları oxuculara təqdim edilir. "Mütaliə həftəsi" aksiyasında Qubalı yazarlar öz oxucuları ilə görüşmüş, yeni kitabları, habelə, yaradıcılıq planları haqqında məlumat vermişlər. Onlar öz sevimli kitablarını bir neçə həvəskar oxucularına hədiyyə etmişlər.
Tədbirdə Sumqayıt şəhər, Qusar, Ağdaş rayon MKS-lərinin direktorları, kitabxana üzrə mütəxəssislər, habelə, rayon ziyalıları, yeniyetmə və gənclər iştirak edirlər.
Bütün Polşa onun haqqında danışır...