Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev Çelyabinsk vilayətinin Diyarşünaslıq Muzeyinin direktoru V.İ.Boqdanovskini və "Ozan" Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Rafael Quliyevi qəbul edib.
Görüş zamanı V.İ.Boqdanovski Azərbaycana bir həftəlik səfərindən söhbət açaraq, Bakı şəhərində "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğuna, Mərdəkan Qalasına ziyarətindən, Bakının möhtəşəm gecə görüntülərini lentə aldığından danışıb. V.İ.Boqdanovski, həmçinin, qeyd edib ki, o, Azərbaycanın bir çox rayonlarını (Şəki, Quba, Qusar, Şamaxı, Oğuz, Qəbələ, İsmayıllı) gəzərək bölgələrin turizm məkanları və potensialı, orada yerləşən tarixi, memarlıq və mədəniyyət abidələri, landşaftı ilə yaxından tanış olub və maraqlı kadrları lentə alıb. Azərbaycan toyunda iştirak edən V.İ.Boqdanovski Azərbaycanın zəngin mədəniyyətini, adət-ənənələrini əks etdirən fotoşəkillər çəkib və İsmayıllının Lahıc kəndi haqqında maraqlı reportaj hazırlayıb.
Söhbət əsnasında V.İ.Boqdanovski Azərbaycana aid fotoşəkilləri sentyabrın 4-5 tarixlərində Çelyabinsk şəhərində keçiriləcək Şəhər Günü çərçivəsində təşkil olunacaq fotosərgidə nümayiş etdirəcəyini qeyd edib. Sərgidə, həmçinin, Azərbaycanın tarixi abidələri, memarlığı, zəngin mədəniyyəti haqqında nəşr olunmuş kitabın da nümayiş olunacağını bildirib. "Ozan" Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycana həsr olunmuş bu sərgi bütün Rusiya regionlarında nümayiş olunacaq.
Görüş zamanı V.İ.Boqdanovski Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və xanımı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Azərbaycanın mədəniyyətinə və incəsənətinə, tarixi abidələrinə və turizminə olan yüksək diqqət və qayğısından danışıb.
Sonda V.İ.Boqdanovski Azərbaycan nümayəndə heyətini sentyabrın 4-5 tarixlərində Çelyabinsk şəhərində keçiriləcək Şəhər Günü çərçivəsində təşkil olunacaq fotosərginin açılışına dəvət edib.
Qeyd edək ki, V.İ.Boqdanovskinin Azərbaycana olan səfərinin başlıca məqsədi Rusiya və Azərbaycan arasında mədəniyyət və dostluq əlaqələrinin inkişafı və genişləndirilməsi idi.
Bütün Polşa onun haqqında danışır...