PDF Oxu

Mədəniyyət

  • 130

Qız Qalasının bərpası 2013-cü ilin oktyabrında yekunlaşdırılacaq

Qız Qalasının bərpası 2013-cü ilin oktyabrında yekunlaşdırılacaq

Qız Qalasında bərpa işlərinin 2013-cü ilin oktyabrında yekunlaşdırılması nəzərdə tutulur. Bunu bərpa işlərini həyata keçirən Avstriyanın "Atelier Erich Pummer" şirkətinin müdir müavini Çingiz Neymanzadə deyib.

Ç.Neymanzadə qeyd edib ki, qalanın ətrafında konservasiya işləri ilə əlaqədar qoyulan dəmirlər, ləvazimatlar "Eurovision-2012" müsabiqəsinə bir həftə qalmış yığışdırılacaq: "Azərbaycan gözlənilmədən "Eurovision-2012" müsabiqəsinə ev sahibliyi etmək şansı qazandı. Müsabiqədən bir həftə əvvəl biz bərpa işləri üçün yığılan dəmirləri çıxaracağıq və qalanın şimal tərəfində işimiz başa çatmış olacaq. "Eurovision" müsabiqəsindən sonra biz yenidən bərpa işlərini davam etdirəcəyik və əgər fövqəladə bir hal baş verməsə, Qız Qalasının bərpasını 2013-cü ilin oktyabrına kimi yekunlaşdırmaq niyyətindəyik".

Bərpa işlərində bəzi hallarda çətinliklər yarandığını dilə gətirən Ç.Neymanzadə, Qız Qalasının bəzi hissələrində dağılma probleminin olduğunu da açıqlayıb: "Hazırda biz Qız Qalasının əhəng daşdan ibarət hissəsində onun qorunması istiqamətində iş görürük. Bizim istəyimiz bu qalanı konservasiya etməkdir və biz bu hissəni mütləq qorumalıyıq. Amma işimiz çox çətin olacaq, çünki qədim qalanın bəzi hissələrində dağılma başlayıb. Bizim mütəxəssislər bu halın qarşısını almaq üçün əllərindən gələni edirlər və həmin hissəni bərkidirlər"

Müdir müavini onu da qeyd edib ki, bərpa işlərindən sonra Qız Qalasının görkəmində heç bir dəyişiklik olmayacaq: "Əsas məqsədimiz ondan ibarətdir ki, bərpa işlərindən sonra qalanın görünüşü dəyişməsin və olduğu kimi qalsın. İstəyimiz odur ki, dəyişikliklər cüzi şəkildə olsun. Hazırda qala acınacaqlı vəziyyətdədir. Qalaya qalxanda, qalanın acınacaqlı vəziyyətini görmək olur".

Digər xəbərlər