Tanınmış şairə, əməkdar incəsənət xadimi Mədinə Gülgünün yeni sənədləri Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təqdim olunub.
Arxivin direktoru Maarif Teymurovun sözlərinə istinadən, yeni sənədlər sırasında şairənin xatirələri, əlyazmaları və fotoları vardır. Qeyd edim ki, 1992-ci ildə vəfat etmiş Mədinə Gülgünün arxivdəki 11 saylı fondu hələ sağlığında açılmışdır. Mədinə xanımın vəfatından sonra həyat yoldaşı, xalq şairi Balaş Azəroğlu ömrünün son gününə qədər onun sənədlərini yığıb saxlayıbdır. Bu sənədləri fonda onların oğlu Araz təqdim etmişdir. Bununla da, Mədinə Gülgünün şəxsi fondu xeyli zənginləşibdir.
Arxivdə sistemləşdiriləcək bu sənədlər M.Gülgünün gələcək tədqiqatçıları üçün ən dəyərli mənbə olacaqdır.
Bundan əlavə, xalq yazıçısı Qılman İlkinin sözügedən arxivdəki şəxsi fonduna yeni sənədlər daxil olub.
Arxivin direktorunun sözlərinə görə, yeni sənədlər arasında yazıçının tərcümeyi-hal sənədləri, məktubları, teleqramları, əlyazmaları və Təbrizdə çəkdirdiyi fotoşəkillər yer alıb. Qılman İlkinin Almas İldırıma həsr etdiyi "Bir ovuc torpaq" hekayəsinin orijinalı da əlyazmalar sırasında xüsusi diqqət cəlb edir. Bütün bu sənədlər arxivə Q. İlkinin oğlu Ayaz Musayev tərəfindən təqdim olunub.
Xatırladaq ki, xalq yazıçısı, əməkdar incəsənət xadimi Qılman İlkin 6 noyabr 2009-cu ildə 96 yaşında vəfat edib.
Bütün Polşa onun haqqında danışır...