"Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi "Azərbaycanda arxeoloji turizmin inkişaf etdirilməsi və təbliği" adlı yeni layihənin icrasına başlayır. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının keçirdiyi müsabiqənin qalibi olub.
Layihənin məqsədi Azərbaycanda arxeoloji turizmi təbliğ edərək, bu sahənin inkişafına nail olmaq, eyni zamanda, tarixi-arxeoloji abidələrimizə diqqəti, arxeologiya elminə marağı artırmaq, onların qorunmasını təmin etməkdən ibarətdir.
Arxeoloji turizmin təbliği və təşviqi ilə bağlı mədəniyyət və təhsil müəssisələrində mühazirələr veriləcək, arxeoloji turizm, arxeologiya elmi, Azərbaycanda mövcud olan tarixi-memarlıq, arxeoloji abidələr haqqında seminarlar təşkil olunacaq. Mühazirə və seminar iştirakçıları üçün nəzərdə tutulan "Azərbaycanın inciləri" bukleti hazırlanacaq. Layihənin davamlı olması üçün yaradılacaq xüsusi internet səhifəsində (archaeotourism.az) tarixi abidələrimiz, adət-ənənələrimiz və incəsənətimiz nümayiş olunacaq və bununla da arxeoturizmin imkanları göstəriləcək və təbliğ olunacaq. Layihə çərçivəsində, həmçinin, "Azərbaycan abidələr diyarıdır" qısametrajlı filmi çəkiləcək. Film müxtəlif dillərə çevrilərək, dünya ictimaiyyətinə təqdim olunacaq. Yeni layihə elmi ictimaiyyət, arxeoloqlar, tarixçilər, həmçinin, tələbələr, magistr və aspirantlar, sadə vətəndaşlar, xarici ölkə vətəndaşları üçün faydalı olacaq, Turizm ilində bu sahəyə marağın artmasına töhfə verəcək.
Artıq reallaşan "Azərbaycanda arxeoloji turizmin inkişaf etdirilməsi və təbliği" layihəsi oktyabrın sonuna kimi davam edəcək.
Bütün Polşa onun haqqında danışır...