Praqada "Buta" Azərbaycan milli mətbəxi restoranının təntənəli açılışı olub. Açılış mərasimində Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə, bu ölkədə akkreditə olunmuş xarici diplomatlar, o cümlədən, Gürcüstanın səfiri Nino Nakaşidze, habelə, Çexiya mədəniyyət nazirinin birinci müavini Frantişek Mikeş, Çexiya Parlamentinin Deputatlar Palatası sədrinin müavini Voytex Filip, Senatın Xarici Əlaqələr Komitəsi sədrinin müavini Yan Xamaçek, senatorlar, ölkənin sabiq baş naziri Mirek Topalanek iştirak ediblər. Praqa "Buta"sı Liditskaya və Yanaçkovaya küçələrinin tinində yerləşir. Onun pəncərələrindən Praqanın əsas görməli yerlərindən biri olan "Rəqs edən ev"dən tutmuş orta əsrlərə aid Solovan monastırınadək böyük ərazini əhatə edən Vltava çayının sağ sahilinin panoramı açılır. Səfir T.Tağızadə mərasim iştirakçılarına müraciət edərək bildirib ki, restoranın açılması Çexiya sakinlərinin Azərbaycanı yaxından tanımalarına, ölkəmiz barədə onlarda təkcə gözəl xalçaları, zəngin neft mədənləri ilə deyil, həmçinin, misilsiz mətbəxi ilə məşhur olan bir diyar təəssüratı yaratmağa imkan verəcəkdir. Sonra qonaqlara minnətdarlığını bildirən restoranın sahibəsi Fərqanə Şükürlü onları Azərbaycan mətbəxi yeməklərindən və məxsusi olaraq Bakıdan gətirilmiş milli içkilərdən dadmağa dəvət edib.
Bütün Polşa onun haqqında danışır...