“Dolu” romanı əsasında eyniadlı bədii filmin çəkilişlərinə başlanılıb
Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında yazıçı Aqil Abbasın "Dolu" romanı əsasında eyniadlı bədii filmin çəkilişlərinə başlanılmışdır. Çəkilişlərin ilkin mərhələsi İsmayıllı rayonunda aparılır. Dövlət sifarişi ilə çəkilən bu filmin ssenari müəllifi Aqil Abbas, quruluşçu rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı xalq artisti Polad Bülbüloğludur. Filmdə əsas rolları xalq artisti Fuad Poladov, əməkdar artistlər Məmməd Səfa, Şamil Süleymanov, Pərviz Bağırov, Fərhad İsrafilov, aktyorlar Rza Rzayev, Elvin Əhmədov, Vaqif Səmədzadə, Vüsal Murtuzəliyev, Gülzar Cəfərova və başqaları ifa edəcəkdir. "Dolu" filminin digər epizodları Mingəçevir və Sumqayıtda lentə alınacaq. Pavilyon çəkilişləri isə Bakıda reallaşacaq. Döyüş səhnələrinin daha inandırıcı alınması üçün İrandan dəvət olunan pirotexniklər yaxın günlərdə yaradıcı qrupa qoşulacaq.
Polad Bülbüloğlunun film üçün bəstələyəcəyi musiqi Moskvada nüfuzlu orkestrlərdən birinin ifasında lentə yazılacaq. Film üzərində işləri bu ilin sonunadək yekunlaşdırmaq nəzərdə tutulmuşdur.