"Nərimanfilm" kinostudiyasının istehsalı olan rejissor İlqar Safatın lentə aldığı "Sahə" filmi Beynəlxalq Barbakan Festivalına (Barbakan Festival in Banska Bystrica ) dəvət alıb. Festival 2-6 noyabr tarixlərində Slovakiyanın Bansk Bıstrisa şəhərində keçiriləcək.
Tarixi abidələri və mədəni tədbirlərinin sayına görə Bansk Bıstrisa şəhəri Slovakiyada ilk yerlərdən birini tutur. "OZ Vresk Factory" tərəfindən yaradılmış Barbakan kinofestivalı Avropa və dünya audiovizual məhsullarının keyfiyyətinin yoxlanılması üzrə qeyri-kommersiya ekspertidir. Festival özündə üç əsas mədəni elementi əks etdirir: film, mahnı və təsviri incəsənət. "Sahə" bədii filmində tanınmış fotoqrafın uşaqlıq illərinə mistik səyahətindən söhbət açılır. Bədii film "Nərimanfilm"(Azərbaycan), "Qruziyafilm" və "Baqirafilms"(Gürcüstan) kinostudiyalarının, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi, habelə "Paşabank"ın iştirakı ilə çəkilmişdir.
Filmdə baş rolları Zaza Bejaşvili (Gürcüstan), Merissa Papel (Fransa), Vaqif İbrahimoğlu (Azərbaycan) və Timur Oduşev (Azərbaycan) ifa etmişlər. Filmin ssenari müəllifi və rejissoru İlqar Safatdır, operatorlar Konstantin Esadze və Varlam Karçxadzedir.
Xatırladaq ki, ötən il "Sahə" filmi Azərbaycandan "Xarici dildə ən yaxşı film" kateqoriyasında 83-cü, illik "Oskar" mükafatına təqdim edilib.
Bütün Polşa onun haqqında danışır...