PDF Oxu

Mədəniyyət

  • 456

Poetik fikrin görkəmli nümayəndəsi

Poetik fikrin görkəmli nümayəndəsi

Azərbaycan ədəbiyyatının, bütövlükdə, XX əsr poetik fikrinin görkəmli nümayəndəsi, xalq şairi Bəxtiyar Vahabzadənin adı təkcə respublikamızda deyil, onun sərhədlərindən çox-çox uzaqlarda mütəfəkkir şair, lirik dramaturq, istedadlı alim və publisist, qeyrətli və cəsarətli ictimai xadim, sadə və səmimi insan kimi məşhurdur. Təsadüfi deyil ki, onun əsərləri - şeir kitabları, dramları və publisist yazıları dünyanın çox dillərində, o cümlədən, ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar və köhnə sovetlər birliyinə daxil olan bir çox xalqların dillərinə tərcümə edilmiş və bu əsərlər çox böyük maraq və sevgi ilə qarşılanmışdır.

Bəxtiyar Vahabzadə Mahmud oğlu 16 avqust 1925-ci ildə Şəkidə doğulmuş, 1934-cü ildə ailəsi ilə bərabər Bakıya köçmüşdür. 1942-ci ildə orta məktəbi bitirib, Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, 1947-ci ildə həmin fakultəni bitirib universitetin nəzdində aspiranturaya qəbul olunmuşdur.

1951-ci ildə "S.Vurğunun lirikası" mövzusunda namizədlik, 1964-cü ildə isə "S.Vurğunun həyat və yaradıcılığı" mövzusunda monoqrafiyasını müdafiə edib, filoloji elmlər doktoru alimlik dərəcəsini almışdır.

Bəxtiyar Vahabzadə bədii yaradıcılığa İkinci Dünya müharibəsi illərində başlamış, 1945-ci ildə Yazıçılar İttifaqının üzvlüyünə qəbul olunmuşdur. Məhsuldar bədii yaradıcılıqla yanaşı, B.Vahabzadə 40 ildən artıq universitetdə dərs demiş, 1990-ci ildən təqaüdə çıxmışdır. 1980-ci Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. B.Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi-publisist kitabın və yüzlərlə məqalənin müəllifidir. Bakı Akademik Dövlət Dram Teatrının səhnəsində onun "Vicdan", "İkinci səs", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad", "Hara gedir bu dünya?", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı" pyesləri tamaşaya qoyulmuşdur. O, tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir. O, 1974-cü ildə əməkdar incəsənət xadimi, 1975-ci ildə respublika, 1984-cü ildə isə SSRİ Dövlət Mükafatı laureatı adlarına layiq görülmüşdür. 1985-ci ildə ona "Xalq şairi" adı verilmiş, 1995-ci ildə isə Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsində xüsusi xidmətlərinə görə "İstiqlal" ordeni ilə təltif edilmişdir. B.Vahabzadənini şeirləri obrazların kamilliyi, bədii vasitələrin müasirliyi və orijinallığı ilə seçilir. Onun bütün əsərlərində dünyaya fəlsəfi baxış əsas yer tutur. Son 30-40 ildə Azərbaycan ədəbiyyatında B.Vahabzadə qədər ümumxalq məhəbbəti qazanmış ikinci bir şairin adını çəkmək çətindir. Bədii, elmi, publisistik yaradıcılığını ictimai-siyasi fəaliyyətlə üzvi surətdə əlaqələndirən B.Vahabzadə 5 dəfə Azərbaycan Ali Sovetinə millət vəkili seçilmişdir (1980-2000).

O, hələ 60-cı illərdən başlayan mili azadlıq hərəkatının öncüllərindən biri olmuşdur. 1959-cu ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulmuşdur.

Bu poemaya görə 1962-ci ildə şair "millətçi" damğası ilə universitetdən çıxarılmış, yalnız 2 ildən sonra yerinə qaytarılmışdır. Sovet rejimində milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə məruz qalan millətin dərdlərini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə etmiş, irihəcmli poemaları və pyeslərində hadisələri ya tarixə, ya da başqa ölkələrə keçirərək, öz millətinin dərdlərini dilə gətirmişdir. Birbaşa sovet diktaturasını ifşa edən əsərlərini isə şair, Sovet İttifaqı dağılandan sonra "Sandıqdan səslər" başlığı altında nəşr etdirmişdir.

Qüdrətli söz ustası, kəskin publisist, ədəbi-bədii prosesin təşkilaçısı kimi tanınan B.Vahabzadə son vaxtlar xalqı düşündürən bir çox məsələlərdə, o cümlədən, uydurma Qarabağ problemi ilə əlaqədar məsələlərdə ağsaqqal kimi ciddi fəaliyyət göstərmişdir. Həmçinin, o, ana dilimizin saflığı, təmizliyi uğrunda daim, yorulmadan mübarizə aparmışdır. Onun respublika Ali Sovetinin sessiyalarında, ictimai-siyasi məclislərdə, kütləvi informasiya vasitələrindəki çıxışlarında o, xalq mənafeyinin əsil müdafiəçisi, həqiqi vətənpərvər və ictimai xadim kimi hamının dərin hörmət və məhəbbətini qazanmışdır. Yaradıcılığı boyu xalqın istək və arzularını tərənnüm edən, bu arzuların həyata keçməsinə çalışan vətəndaş şair üçün xalqın mənafeyi onun şəxsi mənafeyinə çevrilmişdir.

Görkəmli söz ustadı, Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadə 2009-cu il fevralın 13-də 84 yaşında vəfat edib. Şair Fəxri Xiyabanda torpağa tapşırılıb.

Digər xəbərlər