AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda Naxçıvan Muxtar Respublikasına dair müxtəlif tarixi qaynaqları əhatə edən əlyazma və qədim kitabların toplanılması zamanı Ordubad şəhərindən üz qabığı düşmüş, əvvəli və son səhifələri çürümüş şəkildə bir nüsxə aşkar olunub.
İlkin araşdırmalar zamanı müəllifi və katibi müəyyən olunmayan nüsxənin sonunda yerləşən oval şəkilli möhürün içərisində ərəb qrafikası ilə "Hatif-Əl-Katib" yazısına rast gəlinib. Nüsxənin dəqiq araşdırmalardan sonra tibbə aid olduğu müəyyən edilib.
Əlyazmalar Fondunun direktoru Fəxrəddin Eyvazovun verdiyi məlumata görə, nüsxə XVIII əsrdə yaşamış filosof-təbib Hatif Seyid Əhməd İsfahaniyə-Ordubadiyə aiddir. "Nüxsənin tərtibatı digər tibbnamələrdən fərqlidir. Öncə ümumi şəkildə bir üzvün xəstəliyinə aid başlıqlı məlumat verilir, sonrakı mərhələdə isə həmin üzvə aid xəstəliklərin ardıcıl şəkildə adı, təbiəti (quru və rütubət), yaş dövrləri (uşaq, cavan, qoca), ilin fəsilləri (qış və yay), cəhətləri (şimal və cənub), təhlükəlilik (qorxulu, qorxusuz), səbəbi, əlaməti, müalicə üsulu şərh edilir".
Nüsxə fars dilində nəstəliq xətti ilə yazılıb. Əldə olunan nüsxənin həcmi 95 səhifə, ölçüsü 22x17,5sm-dən ibarətdir.
Bütün Polşa onun haqqında danışır...