PDF Oxu

Mədəniyyət

  • 144

Beynəlxalq kitab sərgi-yarmarkası

Beynəlxalq kitab sərgi-yarmarkası
Ukrayna Dövlət Teleradio Komitəsinin təşkilatçılığı ilə Kiyevdəki "Ukrayna Evi"ndə keçirilən Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Azərbaycan Ukraynadakı səfirliyinin hazırladığı ekspozisiya ilə təmsil olunub. Azərbaycan, Bolqarıstan, İran, Rusiya, Belarus və Polşadan 100-dən çox nəşriyyat şirkətinin qatıldığı sərgi-yarmarka Ukraynanın müstəqilliyinin 20-ci ildönümü ilə bağlı keçirilən rəsmi tədbirlər siyahısına daxil edilib. Tədbirin açılış mərasimində baş nazir Nikolay Azarov bildirib ki, Ukrayna hökuməti ölkədə nəşriyyat işinin inkişafına böyük əhəmiyyət verir. Gələn ilin dövlət büdcəsində bu sahənin dəstəklənməsi üçün nəzərdə tutulan vəsaitlərin həcmi iki dəfə artırılacaq.
Azərbaycana dair ekspozisiyada ölkəmizdə yüksək poliqrafik üsulla çap edilmiş kitablar və dövri mətbuat nümunələri - Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablar, Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu, "Təhsil" nəşriyyatı tərəfindən buraxılmış nəşrlər təqdim edilir. Bundan əlavə, burada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan tarixinə, xalçaçılıq məktəbinə, musiqisinə, görkəmli insanların yaradıcılığına dair kitablar, həmçinin, səfirliyin dəstəyi ilə Kiyevdə Ukrayna dilində çap edilmiş akademik Ramiz Mehdiyevin "Azərbaycanlıların genosidinin reallıqları", görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın "Seçilmiş məqalələr"i, tarix elmləri doktoru, professor Yaqub Mahmudovun "Azərbaycan dövlətçiliyinin qısa tarixi", eləcə də, "Azərbaycan poeziyası antologiyası", "Azərbaycan nağılları" və s. kitablar nümayiş olunur.

Digər xəbərlər