PDF Oxu

Mədəniyyət

  • 217

“Qardaşlaşmış kitabxanalar”

“Qardaşlaşmış kitabxanalar”

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyinin kitabxana sektoru Bosniya və Hersoqovina Federasiyasının kitabxanaları ilə əlaqə yaradıb.

Bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyinin kitabxana sektorunun nümayəndəsi Bosniya və Hersoqovinaya səfər edib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində Tuzla şəhərinin meri cənab Jasmin İmamoviç, Tuzla kantonunun baş nazirinin mədəniyyət və informasiya sahəsi üzrə köməkçisi Jasna Hifziefendiç, Tuzla Kantonunun mədəniyyət, təhsil, elm sahəsi üzrə köməkçisi Zlatko Dukiç, "Dervis Susic" Kütləvi və Universitet Kitabxanasının direktoru xanım Enisa Zuniç və bir sıra kitabxana rəhbərləri ilə görüşlər keçirilib. Görüşlərdə Azərbaycan, onun zəngin mədəniyyəti, kitabxanaları, habelə, respublikamızda aparılan quruculuq işləri, ölkəmizin inkişafı və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında geniş məlumat verilib.

Mədəniyyət və Turizm Nazirliyinin kitabxana sektorunun məsləhətçisi Samir Abbasov "Dervis Susic" Kütləvi və Universitet Kitabxanasında Azərbaycan guşəsinin yaradılması təklifi ilə çıxış etmiş və sözügedən təklif şəhər rəhbərliyi, kitabxananın rəhbərliyi tərəfindən qəbul olunub. Azərbaycan guşəsi üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizmi, incəsənəti, adət-ənənələri, ədəbiyyatı və s. mövzularda müxtəlif nəşrlərin göndərilməsi razılaşdırılıb.

Səfər çərçivəsində C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası və "Dervis Susic" Kütləvi və Universitet Kitabxanası arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Memoranduma əsasən, iki tərəf arasında əməkdaşlıq əlaqələrinin qurulması, kitabxana-informasiya sahəsinin aktual məsələlərinə dair təcrübə mübadiləsinin aparılması, birgə layihələrdə iştirak, birgə nəşrlərin hazırlanması, qarşılıqlı təşkil olunan seminar və konfranslarda iştirak, hər iki kitabxanada dövlətlərin mədəniyyətini, tarixini, turizmini, ədəbiyyatını təbliğ etmək məqsədi ilə sərgi və guşələrin yaradılması nəzərdə tutulub.

Kitabxananın direktoru xanım Enisa Zuniç Balkan Kitabxanalar Birliyinin koordinatoru və ölkə nümayəndəsidir. Bu məqsədlə Azərbaycan kitabxanalarının Balkan Kitabxanalar Birliyində təmsil olunması müzakirə edilmiş və bu təşkilata üzvlüklə bağlı Azərbaycan kitabxanalarına müvafiq köməkliyin göstərilməsi razılaşdırılıb.

Bundan başqa, Bosniya və Hersoqovinanın "Dervis Susic" Kütləvi və Universitet Kitabxanası və Azərbaycanın F.Köçərli adına Respublika Uşaq Kitabxanası "Qardaşlaşmış Kitabxanalar" elan olunub.

Səfər müddətində Bosniya və Hersoqovina müharibəsi nəticəsində şəhid olan "Serbinidza" qurbanlarının uyuduğu toplu məzarlıq və memorial kompleks ziyarət edilib.

Digər xəbərlər