Yaxın günlərdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə həsr olunmuş yeni əsər dinləyicilərin diqqətinə təqdim ediləcək. Bu əsərin ifaçısı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Fidan Hacıyevanın "Sənsizlik" elegiyası lentə yazılıb.
Bir il bundan əvvəl tanınmış bəstəkar Vasif Allahverdiyev ona elegiyanı oxumağı təklif edib. Fidan xanımın sözlərinə görə, bu əsər onun çox xoşuna gəlib: "O, həm mənim səsimə, həm də qəlbimin səsinə uyğun idi. Bu, elə bir möhtəşəm əsərdir ki, mən dərhal fikrimi bildirdim: "Bəli, mən onu ifa edəcəyəm". Elegiya mənim səsim üçün yazılıb. Məni həm də dahi liderə həsr olunmuş sözlər məftun etdi. Biz xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi kamera orkestri ilə məşqə başladıq. Lakin yaradıcılıq planlarımla əlaqədar olaraq, əsər üzərində işi təxirə salmalı oldum. Mən İtaliyaya getdim, orada konsertlərim, tamaşalarım oldu, habelə, təhsil aldım. Geri qayıdan kimi bəstəkara zəng vurdum, biz görüşüb yenidən məşqə başladıq. Xüsusilə, qeyd etmək istəyirəm ki, elə birinci dəfədən elegiyanı lentə yazmaq mümkün oldu. Bu, təəccüblüdür, çünki o, kifayət qədər mürəkkəb vokal əsəridir. Əminəm ki, bu elegiya mənim repertuarımda xüsusi yer tutacaqdır".
Əməkdar incəsənət xadimi, Azərbaycan Milli Konservatoriyasının dosenti Vasif Allahverdiyev Fidan xanımın səs diapazonunu nəzərə alaraq, belə bir möhtəşəm musiqi nömrəsini ona həvalə etmişdir. Vokal partiyanı uğurla təqdim edən Fidan xanım təkrarsız ifası ilə bəstəkarın ümidini doğruldub.
Xatırladım ki, "Sənsizlik" elegiyası Fidan Hacıyevanın ifasında Teymur Göyçayevin idarə etdiyi Qara Qarayev adına Dövlət Kamera Orkestri müşayiət edir. "Sənsizlik" ilk dəfə olaraq Azərbaycan televiziyasında səsləndiriləcək, sonra isə videoçarx çəkmək planlaşdırılır. Qeyd edim ki, "Sənsizlik" Vasif Allahverdiyevin dahi liderə həsr olunmuş ilk əsəri deyil. Bundan əvvəl o, "Ömür yolu" simfonik poemasını yazmışdır. Bu musiqi Nazim Əkbərovun ssenarisi üzrə dahi lider haqqında çəkilmiş filmdə səsləndirilib.
Bütün Polşa onun haqqında danışır...