PDF Oxu

Mədəniyyət

  • 313

Azərbaycanın Sənətkarlıq Paytaxtı

Azərbaycanın Sənətkarlıq Paytaxtı

Turizmin inkişafı ölkə iqtisadiyyatının yüksəlməsində və əhalinin maddi rifah halının yaxşılaşdırılmasında böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən ölkəmizdə turizmin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. 2011-ci ilin Prezident İlham Əliyev tərəfindən "Turizm ili" elan edilməsi bunun sübutudur. Son illərdə Azərbaycanda turizmin planlı şəkildə inkişafı özəl sektorun, kiçik və orta sahibkarlığın inkişafına, yeni iş yerlərinin açılmasına və əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə öz müsbət təsirini göstərməkdədir. Bütün bunlar nəzərə alınmaqla 2011-ci ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən İsmayıllı rayonu "Azərbaycanın Sənətkarlıq Paytaxtı" elan olunmuşdur.

Bu ərazi turizm üçün əlverişli məkandır. Qeyd edim ki, İsmayıllıda turistlərin rayon haqqında, onun tarixi keçmişi haqqında geniş təsəvvür yaradılmasına xidmət göstərən Heydər Əliyev Mərkəzi, 2 tarix-diyarşünaslıq muzeyi, Lahıc və Basqal tarix-mədəniyyət qoruqları fəaliyyət göstərir. Lahıc qəsəbəsində 108, Basqal qəsəbəsində isə 23 tarixi abidə mühafizə olunur. Bütövlükdə, rayon üzrə 233 tarix və mədəniyyət abidəsi qorunub saxlanılır.

1980-ci ildən muzey-qoruğa çevrilmiş Lahıcda həmin illərdən yadigar qalan məhəllə məscidləri, su kəməri və kanalizasiya (kürəbənd), Girdiman qalası qayğı ilə qorunur, sənətkarlıq ənənələri davam və inkişaf etdirilir. Lahıclılar əsasən misgərlik, dəmirçilik, zərgərlik, xalçaçılıq və digər peşələrlə məşğuldurlar. Bunları bütün dünyaya nümayiş etdirmək üçün göyləri lacivərd, havası saf, suları can dərmanı, küçələri izdihamlı dağ kəndi Lahıcda turizm mərkəzi yaradılması zəruridir. İndinin özündə də buraya az turist gəlmir. İrandan, Rusiyadan, Yaponiyadan, İtaliyadan və İspaniyadan respublikamıza təşrif buyuranlar əsasən Lahıcda dincəlmək istəyirlər.

Son illər Basqala uzaq yerlərdən gələn turistlərin sayı xeyli artmışdır. Girdiman çayının üzərindəki əzəmətli körpüdən keçib dağlara qalxanda nəzərini füsunkar mənzərədən ayıra bilmirsən. Dağların döşünə səpələnmiş kəndlər, boğaz göynədən dağ havası, bir-birinə arxa durmuş dağlar insanı ovsunlayır.

Bir növ Bakının İçərişəhərini xatırladan Basqalın səliqəli, təmiz küçələrinə heyranlıqla tamaşa etməmək mümkün deyildir. Geniş meydan qəsəbənin mərkəzidir. Bura əsrlər boyu Basqalın mədəniyyət və ticarət mərkəzi olmuşdur. İndi artıq çayın o tayına adlamış inzibati binalar da bazar meydanının ətrafında idi. İki məscid, XVI əsrin yadigarı olan hamam, qədim tikililər də bu meydanın ətrafındadır. Bazar meydanından Sayad dağına, Fit dağına və ətraf meşələrə gözəl bir mənzərə açılır.

"Qaya" istirahət kompleksi Qaraqaya kəndindən 1 km. məsafədə yerləşir. Çox əlverişli mövqedə yerləşdiyi üçün turizm, gəzinti və istirahət üçün gözəl imkanlar yaradır. Müasir üslubda inşa edilmiş 1 mərtəbəli kotteclərdə və 4 mərtəbəli mehmanxanada hər növ imkanlar var.

Digər xəbərlər