PDF Oxu

Mədəniyyət

  • 298

“İpək dostluq yolu. Yeddi gün Azərbaycanda”

“İpək dostluq yolu. Yeddi gün Azərbaycanda”

Mədəniyyət və Turizm İdarəsindən verilən məlumata görə, sentyabrın 3-də Rusiyanın Çelyabinsk şəhərində vilayət diyarşünaslıq muzeyinin sərgi salonunda "İpək dostluq yolu. Yeddi gün Azərbaycanda" adı altında fotosərgi açılacaq. Fotosərgi Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20 illiyinə və Cənubi Ural paytaxtının 275 illiyinə həsr olunmuşdur.

Sərgidə nümayiş etdiriləcək işlərin müəllifi Çelyabinskinin məşhur fotorəssamı, Rusiya Foto Sənətkarları İttifaqının Çelyabinsk regional şöbəsinin sədri, diyarşünaslıq muzeyinin direktoru Vladimir Boqdanovskidir.

Qədim məbədlər və qalalar, Şəki karvansarayı və Qafqazda əsası I əsrdə qoyulmuş ilk xristian kilsəsi, Bakının lap mərkəzində qala divarı ilə dövrəyə alınmış, qarmaqarışıq dar küçələri, döngələri və dalanları olan, məşhur "Brilyant əl", "Amfibiya adam", "Aybolit-66", "Tehran-43", "Qorxma, mən səninləyəm" filmlərinin çəkildiyi İçərişəhər... Bu zəngin torpağın hər bir addımında tarixlə qarşılaşırsan. Ətrafda isə son dərəcə gözəl təbiət - dərin dərələr və çay vadiləri ilə bir-birindən aralanmış, qədim meşələri və çəmənləri olan Qafqaz dağları.

Ekspozisiyaya müxtəlif janrlarda - peyzaj, portret, zarisovka, reportaj janrlarında hazırlanmış təqribən 90 fotoşəkil təqdim olunmuşdur. Fotokolleksiyanı "Ozan" Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təqdim olunmuş eksponatlar - əlvan milli geyimlər, məişət əşyaları, dekorativ tətbiqi sənət əsərləri, məşhur Azərbaycan ipəkləri və xalçaları tamamlayacaq. Sərginin videoproqramında Azərbaycanın tarixindən və mədəniyyətindən bəhs edən bir neçə film vardır.

"İpək dostluq yolu" sərgi layihəsi Çelyabinsk vilayətinin mədəniyyət və turizm naziri Aleksey Betextinlə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev tərəfindən imzalanmış saziş çərçivəsində həyata keçirilir. 2010-cu ilin noyabrında "Çelyabinsk vilayəti və Azərbaycanın xalqlar dostluğu ongünlüyü" zamanı Azərbaycanın nümayəndə heyəti Çelyabinskdə olmuşdu. 2011-ci ilin iyulunda isə diyarşünaslıq muzeyinin direktoru Vladimir Boqdanovski və Çelyabinsk vilayətindəki "Ozan" Azərbaycan Mədəniyyət Mərkəzi ictimai təşkilatının sədri Rəfail Quliyev Bakıya çəkilişə gəlmişdilər.

Yeddi gün davam edən gərgin iş nəticəsində yaranmış "Yeddi gün Azərbaycanda" sərgisini indi Çelyabinskdə səbirsizliklə gözləyirlər.

Bu gözəl dostluq layihəsi iki ölkənin anlaşmasına və yaxınlaşmasına, iki mədəniyyətin qarşılıqlı surətdə zənginləşməsinə doğru atılan daha bir addım olacaq.

Digər xəbərlər