PDF Oxu

Mədəniyyət

  • 1 369

Azərbaycan elmi qarşısında böyük xidmətlər göstərmiş tədqiqatçı-alim və yazıçı

Azərbaycan elmi qarşısında böyük xidmətlər göstərmiş tədqiqatçı-alim və yazıçı

Yazıçı, ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri doktoru Əzizə Məmməd qızı Cəfərzadə Azərbaycan milli təfəkkürünün, fəlsəfi fikrin inkişafında xidmətləri olan ziyalılardandır. O, bütün yaradıdıcılığı boyu axtarışda olmuş, elmi nailiyyətləri ilə, novatorçuluq meyilləri ilə Azərbaycan ədəbiyyatına böyük töhfələrini vermişdir.

O, elmi fəaliyyəti ilə yanaşı, bir sıra ictimai sahələrdə çalışmış, istedad və bacarığı ilə diqqəti cəlb etmişdir. Belə ki, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ssenari şöbəsinin rəisi, daha sonralar Teatr Texniki Məktəbinin müdiri, Pedaqoji İnstitutda dosent, kafedra müdiri, Kamçatka Pedaqoji İnstitutunda dosent, Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda baş elmi işçi, şöbə müdiri, Bakı Dövlət Universitetinin professoru vəzifələrində çalışıb. Ə.Cəfərzadə XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin bilicisi kimi tanınırdı və bu sahədə "XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətləri" mövzusunda namizədlik, "XIX əsr Azərbaycan poeziyasında xalq şeiri üslubu" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir.

Ədəbi fəaliyyətə 16 yaşında başlamış Əzizə Cəfərzadə "Əzrayıl" adlı ilk hekayəsini 1937-ci ildə "Ədəbiyyat" qəzetində çap etdirib. İlk kitabı 1948-ci ildə çap edilmiş, lakin Moskvanın xüsusi qərarı ilə satışa çıxmamışdan əvvəl qadağan olunub yandırılmışdır. Qeyd edim ki, Ə. Cəfərzadənin nəsr əsərləri, əsasən, tarixi roman janrında yazılıb. O, müasir Azərbaycan nəsr tarixində bu janrı yenidən həyata gətirib. Onun bu qəbildən yazdığı əsərlərindən olan "Natəvan haqqında hekayələr" Qarabağın son xanı Xurşidbanu Natəvanın həyatına həsr olunub.

Yazıçının "Aləmdə səsim var mənim" ilk tarixi romanı XIX əsrdə Şamaxıda yaşayıb-yaratmış məhşur şair Seyid Əzim Şirvaninin ədəbi həyatı haqqındadır. "Vətənə qayıt" - XVIII əsrdə rus qoşunlarının Azərbaycana ilk gəlişi fonunda şair Nişat Şirvaninin həyatı və Şirvanın Səlyan bölgəsində baş verən hadisələrdən bəhs edir. "Yad et məni" - XIX əsrin sonu XX əsrin əvvəllərində romantik şair Abbas Səhhətin həyat və yaradıcılığı ilə bağlı romandır. "Bakı-1501"- Şah İsmayıl Xətai və onun Bakıya yürüşü tarixinə həsr olunmuşdu. "Cəlaliyyə"- XII əsr Naxçıvanın qadın hökmdarı Cəlaliyyənin ölkənin müdafiəsi uğrunda apardığı mübarizənin tarixindən bəhs olunur. "Sabir" - XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayıb-yaratmış məşhur satirik şair Mirzə Ələkbər Sabirə həsr edilmiş əsərdir. "Bir səsin faciəsi" - XIX əsrin sonunda yaşamış müğənni Mirzə Güllərin faciəli həyatından bəhs edən əsərdir. Bununla belə, Ə.Cəfərzadə bir sıra roman və povestlərin müəllifi kimi tanınmışdı.

Əzizə Cəfərzadə, eyni zamanda, bir tədqiqatçı-alim kimi Azərbaycan elmi qarşısında təqdirəlayiq xidmətlər göstərmişdi. Onun klassik Azərbaycan ədəbiyyatının, xüsusilə də, şifahi ədəbi irsimizin öyrənilməsi sahəsində gərgin elmi axtarışlarının bəhrəsi olan əsərlər həmişə elmi ictimaiyyətin marağına səbəb olmuşdur. Əzizə xanımın elmi-tədqiqatları onun ədəbi yaradıcılığına da güclü təsir göstərmiş və yazıçının əsərlərini Azərbaycan dilinin saflığı və təmizliyi uğrunda mübarizənin bariz nümunəsinə çevirmişdir. Elmi tədqiqatçı kimi bir sıra aşıq və şairlərin əsərlərini toplayıb çap etdirmişdir ki, bunlara "Fatma xanım Kəminə", "Könül çırpıntıları","Azərbaycanın aşıq və şair qadınları", "Azərbaycanın şair və aşıq qadınları", "Şirvanın üç şairi", "Mücrüm Kərim Vardani. Sünbülstan", "Abdulla Padarlı. Seçilmiş əsərləri", "Hər budaqdan bir yarpaq" daxildir. Onun toplayıb çap etdirdiyi bir çox əsərlərin əsas hissəsini ana və qadın mövzusu təşkil edir ki, bunlar da Əzizə xanıma romanlarından az şöhrət gətirməmişdir. Bu kitablar vasitəsi ilə o, ta qədimdən Azərbaycanda yüksək poetik səviyyəli yazılı və şifahi qadın yaradıcılığının mövcud olduğunu və dünya ədəbiyyatında öndər olduğunu sübut etmişdir. Bu əsərlərlə yanaşı, onun yüzlərlə məqalə, oçerk, elmi tədqiqat və publisistik məqalələri dövrü mətbuatda çap edilmişdir.

O, "Natavan" adlı kino ssenari, çoxlu sayda radio-televiziya pyesləri, xatirat və saysız hesabsız bayatı yazmışdır. Əzizə xanım folklorumuzun vurğunu idi, "Bayatı düşüncələrim", "Xızır Nəbi", "Novruz" və başqa Azərbaycan adət-ənənələri, etnoqrafiyası ilə bağlı yazıları, televiziya-radioda çıxışları onu xalqın sevimlisi etmişdir. Bir çox xarici ölkələrdə, o cümlədən, Yuqoslaviya, Suriya, Kipr, Hindistan, Sinqapur, Malaziya, İsrail, İraq və Türkiyədə beynəlxalq əhəmiyyətli tədbirlərin iştirakçısı olmuşdur.

Ə.Cəfərzadə bir sıra xarici müəlliflərin, o cümlədən S.Smirnovun "Brest qalası", Ş.Rəşidovun "Güclü dalğa", A. Lixanovun "Mənim generalım", Ə.Kabaklənin "Əjdaha daşı", S.Çokumun "Bizim diyar" və sair əsərlərini ana dilinə tərcümə etmiş, bir çox kitabın redaktoru olmuşdur. Onun əsərləri də bir sıra xarici dillərə, o cümlədən, rus, fars, tacik, ərəb, qazax və sair tərcümə edilib xaricdə nəşr edilmişdir. Fasiləsiz olaraq televiziya və radioda müxtəlif mövzularda çıxışlar etmiş, televiziyada "Klassik irsimizdən", "Aşıq Pəri" və sair çoxsayı proqramların müəllifi və aparıcısı olmuşdur. Bu verilişlər vasitəsi ilə Azərbaycan klassik və müasir ədəbi irsini təbliğatçısı olmuşdur.

1981-1989-cu illərdə Respublika Qadınlar Şurasının sədri vəzifəsində işləmişdir. Azərbaycan qadın və uşaqlarının hüquqlarının qorunması sahəsində aktiv fəaliyyət göstərmiş, respublikanın ən ucqar rayon-kəndlərinə belə dəfələrlə getmiş və millətin tarixi, taleyi ilə bağlı problemlərlə tanış olmuş, bu problemlərin həll edilməsində yaxından iştirak etmişdir. O həyatı boyu xeyriyyəçiliklə məşğul olmuş, 1979-cu ildə indiki Hacıqabul rayonunun Tağılı kəndində öz vəsaiti hesabına orta məktəb və klub binası tikdirmişdir. Azərbaycanın müstəqilliyi uğrunda və erməni təcavüzünə qarşı hərəkatda daim öndə və fəal iştirak edən bir vətəndaş olmuşdur.

Əzizə Cəfərzadənin Azərbaycan elmi və ədəbiyyatı qarşısında göstərdiyi xidmətlər yüksək qiymətləndirilmişdir. O, dönə-dönə müxtəlif fəxri fərmanlar, "Xalqlar dostluğu" ordeni və müstəqil Azərbaycanın ali mükafatı - "Şöhrət" ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.

Əzizə Cəfərzadə 2003-cü il sentyabrın 4-də ömrünün 82-ci ilində uzun sürən ağır xəstəlikdən sonra haqqın dərgahına qovuşmuşdu və vəsiyyətinə əsasən, Tağılı kəndindəki məzarlıqda dəfn edilmişdir.

Digər xəbərlər