PDF Oxu

Mədəniyyət

  • 114

İsmayıllıda “Sənətkarlar bayramı”

İsmayıllıda “Sənətkarlar bayramı”

Mədəniyyət və Turizm Nazirliyinin 2010-2014-cü illəri əhatə edən "Xalq yaradıcılıq paytaxtları" proqramına uyğun olaraq İsmayıllı şəhəri 2011-ci il "Sənətkarlar paytaxtı" elan olunmuşdur. Bununla əlaqədar il ərzində rayonda müxtəlif tədbirlər keçirilir.

İsmayıllı şəhərinin Qala divarları qarşısında - "Sənətkarlar bayramı" keçirilmişdir.

Çoxsaylı ictimaiyyət nümayəndələrinin qatıldıqları bayram tədbirinin iştirakçıları, o cümlədən paytaxt Bakıdan, Şamaxı, Ağsu, Göyçay, Qəbələ, Oğuz, Şəki və Mingəçevirdən dəvət olunmuş qonaqlar əvvəlcə şəhərin mərkəzində Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə tər çiçəklər qoymuşlar. Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra tədbirin iştirakçıları mərkəzin qarşısında təşkil olunmuş kitab, turizm və sənətkarlıq nümunələrindən ibarət sərgilərə baxmışlar.

Bayram tədbirinin iştirakçılarına İsmayıllının tarixi, sənət və sənətkarları barədə məlumat verilmiş, "İsmayıllı sənətkarlar paytaxtı" çərçivəsində keçirilən tədbirlərdən söhbət açılmışdır. Qeyd edilmişdir ki, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfranslar, "dəyirmi masa"lar, müsabiqələr, festivallar, sərgilər, yarmarkalar və s. Azərbaycanın, onun bir parçası olan İsmayıllının qədim tarixinin, maddi-mədəniyyət nümunələrinin öyrənilməsi və təbliğ olunmasında böyük əhəmiyyət kəsb edir.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Nizami Ələkbərov, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Milli Məclisin deputatı Novruzəli Aslanov çıxış etmişlər. Çıxışlarda Azərbaycanın çoxəsrlik mədəniyyətinin, qeyri-maddi mədəni irsinin, sənətkarlıq nümunələrinin, tarixinin qorunub saxlanmasının, dünyaya tanıdılmasının zəruriliyindən danışılmış, bu istiqamətdə görülmüş işlərdən bəhs edilmişdir.

"Sənətkarlar bayramı"nda sənətkarlıq nümunələri ilə yanaşı, milli mətbəximizin nemətlərinin nümayişi, folklor qrupunun, aşıqların, rayon mədəniyyət evinin "Niyal" instrumental ansamblının çıxışları iştirakçılarda unudulmaz təəssürat yaratmışdır.

Digər xəbərlər