Sentyabrın 24-də Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli Avstriya bəstəkarı V.A.Motsartın "Sehrli fleyta" operasının premyerası keçiriləcək. Bu opera Azərbaycanda ilk dəfə səhnəyə qoyulur. Quruluşun məqsədi opera sənəti həvəskarlarını Motsart yaradıcılığının və dünya opera sənətinin incilərindən olan bu opera ilə tanış etməkdir.
Opera və Balet Teatrının mətbuat xidmətindən "Səs"-ə verilən məlumata görə, əsərin bütün not materialları - partitura, klavir və orkestr səsləri teatra Münhen Opera sənəti festivalının rəhbərliyi tərəfindən təqdim edilmişdir. Azərbaycan Opera və Balet Teatrı binasının yaxın zamanlarda təmir və bərpa üçün bağlanacağını nəzərə alaraq teatr rəhbərliyi dekorasiyaların hazırlanmasına əlavə vəsait sərf etməmək üçün tamaşanı konsert variantında səhnəyə qoymağı məqsədəuyğun hesab etmişdir. Çünki təmirdən sonrakı yeni səhnənin ölçüləri hazırkı ölçülərdən kəskin fərqli olacaqdır. Bu operanın zəngin dekorasiya və kostyumlarla tam yeni quruluşu teatrın təmiri başa çatandan sonra yeni səhnənin imkan və ölçüləri nəzərə alınmaqla həyata keçiriləcəkdir.
Motsartın son opera əsəri olan "Sehirli fleyta"nın premyerası 30 oktyabr 1791-ci ildə - bəstəkarın ölümündən 2 ay öncə Vyanada baş tutmuşdur. Motsartın yaradıcılığında xüsusi yeri olan bu opera çox maraqlı süjet xəttinə malikdir, məhəbbətin, ağıl və xeyirxahlığın zülm və qəddarlıq üzərində qələbəsini tərənnüm edir.
Operada tərənnüm olunan yüksək fəlsəfi hisslər həmin dövrün bir sıra dahi insanlarının diqqətini özünə cəlb etmiş və Hegel, Bethoven və Göte bu opera haqqında yüksək fikirlər söyləmişlər.
Tamaşada teatrın ən istedadlı vokalçıları - əməkdar artistlər Əli Əsgərov (Zarasto), Gülnaz İsmayılova (Gecələr şahzadəsi), İnarə Babayeva (Pamina), gənc solistlər Fərid Əliyev (Tamino), İlham Nəzərov (Papageno), Fəridə Məmmədova, Səbinə Vahabzadə, Səbinə Əsədova (pərilər) və başqaları iştirak edirlər. Opera orijinalın dilində - alman dilində səslənəcək. Tamaşanı əməkdar incəsənət xadimi, professor Yalçın Adıgözəlov idarə edəcəkdir.
Motsartın bütün dünyada məşhur olan son operasının Opera və Balet Teatrında səhnəyə qoyulması, heç şübhəsiz ki, həm teatrın, həm də şəhərimizin mədəni həyatında önəmli bir hadisə olacaq və böyük dinləyici auditoriyasını cəlb edəcəkdir.
Bütün Polşa onun haqqında danışır...