AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin rəhbərliyi ilə Naxçıvan arxeoloji ekspedisiyası Şərur rayonu ərazisində yerləşən Ovçulartəpəsi qədim yaşayış yerində qazıntı işlərini davam etdirir.
Ərazidə aparılan tədqiqatlar zamanı yaşayış yerində məskunlaşan qədim insanların həyat tərzi ilə bağlı yeni faktlar aşkar olunmuşdur. Eramızdan əvvəl V minilliyin sonunda burada məskunlaşan insanların dördkünc formalı yarımqazma tipli evlərdə yaşadıqları, daha sonra isə təpə qazaraq səki şəklində çoxotaqlı evlər tikdikləri müəyyən edilmişdir. AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin verdiyi məlumata görə, çoxotaqlı evlər həyətlərin ətrafında toplanmış, onların yaxınlığında isə təsərrüfat anbarları tikilmişdir. Bununla belə hər bir evin özünə aid təsərrüfat küpləri, quyuları və iş yerləri olmuşdur. "Ərazidə aparılan geniş tədqiqatlar göstərir ki, torpaq axınının qarşısını almaq üçün iri daşlardan dəstək divarları da inşa edilmişdir".
Qeyd edək ki, aparılan qazıntılar zamanı körük ucluğunun aşkar olunması bu yaşayış yerinin əsas metalişləmə mərkəzlərindən biri olduğunu deməyə imkan verir. Aparılan araşdırmalar Ovçular təpəsində cəmiyyətin qəbilə icmasının dağılması ərəfəsində olduğunu göstərir. Arxeoloji qazıntılar sentyabrın 20-dək davam edəcək.
Bütün Polşa onun haqqında danışır...