Dünyanın bir çox ölkələrinin nüfuzlu ali təhsil ocaqları ilə sıx əlaqə saxlayan Bakı Slavyan Universiteti öz əhatə dairəsini tədricən genişləndirməkdədir. Universitet tərəfindən xaricdə aparılan işlərin əsasında isə Azərbaycan dilinin, mədəniyyətinin, ümumilikdə, azərbaycanşünaslığın təbliği dayanır. Respublikamızda Azərbaycanşünaslıq ixtisasının ilk dəfə olaraq Bakı Slavyan Universitetində açılmasını da xüsusi qeyd etmək lazımdır.
Bakı Slavyan Universiteti müxtəlif ölkələrin universitetlərində Azərbaycan dilini və mədəniyyətini təbliğ etmək məqsədilə Azərbaycan dili və mədəniyyət mərkəzlərinin, eləcə də, Azərbaycanşünaslıq ixtisası üzrə kadr hazırlığı istiqamətində geniş fəaliyyət sahəsinə malikdir. Bunun ən bariz numunəsi 2009-cu ilin aprel ayında Rusiyanın nüfuzlu universitetlərindən hesab olunan Moskva Dövlət Linqvistik Universitetində və 2010-cu ilin dekabr ayında isə Belarusun M.Tank adına Minsk Dövlət Pedaqoji Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılmasıdır. Mərkəzin fəaliyyəti tədris və mədəniyyət istiqamətləri üzrə aparılır. Mərkəzdə tələbələr üçün vaxtaşırı Azərbaycanın görkəmli elm və mədəniyyət nümayəndələri, tanınmış ziyalıları və ictimai xadimləri ilə görüşlər təşkil olunur, Azərbaycan yazıçılarına, şairlərinə həsr olunmuş gecələr keçirilir, milli bayramlar, Azərbaycanın unudulmaz tarixi hadisələri qeyd olunur.
Hazırda Bakı Slavyan Universitetinin təşəbbüsü və maddi dəstəyi ilə xarici universitetlərdə yeni Azərbaycan dili tədris-mədəniyyət mərkəzlərinin təşkili istiqamətində intensiv iş gedir və imzalanmış əməkdaşlıq müqavilələri çərçivəsində Azərbaycan dilinin, ədəbiyyatının, mədəniyyətinin, tarixinin geniş yayılması və tədqiqi sahəsində uğurlu addımlarını BSU təkcə paytaxt şəhərlərində deyil, eyni zamanda, əyalətlərdə də davam etdirir.
BSU-nun mətbuat xidmətindən aldığımız məlumata istinadən, bu addımların nəticəsi kimi Ukraynanın Poltava İqtisadiyyat və Ticarət Universitetində Azərbaycanşünaslıq Tədris-Mədəniyyət mərkəzi açılıb.
Artıq Ukrayna PİTU-da Azərbaycan dili Tədris-Mədəniyyət Mərkəzinin açılması ilə bağlı hazırlıq işləri sona çatmışdır və mərkəz Azərbaycanın ədəbiyyatına, tarixinə, siyasətinə dair materiallarla təmin olunmuşdur. Qeyd etmək lazımdır ki, Bakı Slavyan Universiteti bu mərkəzi yalnız metodik vəsaitələrlə təmin etməklə kifayətlənməmiş, həmçinin, burada müasir texniki avadanlıqlar quraşdırılmış, xüsusi kitabxana fondu yaradılmış, xalqımızın mədəniyyətini və tarixini, zəngin milli adət və ənənələrini əks etdirən eksponatlar yerləşdirilmişdir. Eyni zamanda, mərkəzdə Azərbaycanşünaslıq ixtisası istiqamətində Azərbaycan dilini, ədəbiyyatını, mədəniyyətini, tarixini tədris etmək məqsədilə BSU-nun dosenti Yaşar Alxasov ezam edilmişdi.
Azərbaycan Tədris-Mədəniyyət Mərkəzinin təntənəli açılış mərasimində Poltava İqtisadiyyat və Ticarət Universitetinin rektoru A.A.Nestulya, BSU-nun tərbiyə işləri üzrə porektoru O.Səmədov, Poltava vilayət icra hakiminin müavini V.V.Zanekula, Azərbaycanın Ukraynadakı səfirliynin nümayəndələri R.Qurbanov və F.Babayev, Poltava vilayət radasının sədr müavini V.A.Marçenko çıxış ediblər. Qeyd olunub ki, mərkəzin gələcək fəaliyyəti iki xalq arasında mövcud olan dostluq və əməkdaşıq əlaqələrinin daha da güclənməsinə şərait yaradacaqdır.
Mərkəzin açılış mərasiminə BSU-nun nümayəndə heyəti də qatılıb. Mərkəzin açılışının Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü ərəfəsinə təsadüf etməsi xüsusi əlamətdar hadisə kimi qeyd oluna bilər.
Qeyd edim ki, açılış mərasimində iştirak edən qonaqlar sırasında ukraynalı tələbələr, Ukraynada təhsil alan azərbaycanlı tələbələr və BSU-nun PİTU-da təcrübə keçən tələbələri də iştirak edib. Mərasimin sonunda BSU-nun rektoru, AMEA-nın müxbir üzvü professor Kamal Abdullayev adından təbrik məktubu oxundu və mərkəzə hədiyyələr təqdim edilib. Xatırladaq ki, BSU-da 2001-ci ilin oktyabr ayından Ukraynanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə təsis edilmiş Ukrayna Tədris-Mədəniyyət Mərkəzi fəaliyyət göstərir və mərkəz iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin güclənməsində xüsusi rola malikdir. Sözügeden Poltava İqtisadiyyat və Ticarət Universiteti ilə isə Bakı Slavyan Universiteti arasında 2008-ci ilin noyabr ayından əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. BSU-nun Azərbaycanşünaslıq istiqamətində fəaliyyəti bu mərkəzlə məhdudlaşmır. Belə ki, BSU ilə Kiyev Milli Linqvistik Universiteti, Minsk Dövlət Linqvistik Universiteti və Rusiya-Tacikistan (Slavyan) Universitetləri arasında əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Müqavilənin önəmli tərəfi də budur ki, adları sadalanan universitetlərdə Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin açılması nəzərdə tutulur və bu məqsədlə artıq hazırlıq işlərinə başlanılıb.
Bütün Polşa onun haqqında danışır...