Bolqarıstan “Eurovision 2012”-yə milli seçim planlarını açıqlayıb
Bir neçə ay əvvəl Düsseldorfda, 56-cı "Eurovision" Mahnı Müsabiqəsində, Bolqarıstan finala vəsiqə qazana bilmədi. Poli Genova və onun "Na İnat" mahnısı Finaldan iki addım geri qalaraq ikinci yarımfinalda 12-ci yeri qazandı.
Bolqarıstanın ictimai televiziyası - BNT, Bakıda keçiriləcək 57-ci "Eurovision" Mahnı Müsabiqəsinə, milli seçim planlarını artıq açıqlayıb. BNT milli seçimdə iştirak edəcək mahnıların qəbulunu elan edib, bütün mahnıların Bolqarıstan istehsalı olmaq şərti ilə, yəni mahnının sözləri, musiqisi və oranjımanı Bolqariya millisi tərəfindən yazılmalıdır. Seçimdə iştirak edəcək mahnıları müəyyənləşdirmək üçün isə, BNT tərəfindən 20-dən 35-ə qədər peşəkar münsiflər heyətinin üzvləri dəvət olunacaq. İlk mərhələdə 60 mahnı seçiləcək, və noyabrın 16-da onlar haqqında ətraflı məlumat ictimaiyyətə təqdim olunacaq. Lakin onlardan yalnız 30-u yarımfinallarda iştirak hüququ qazanacaq. Noyabrın 25-də isə son 30 mahnının siyahısı açıqlanacaq.
Mahnılar püşkatma vasitəsi ilə, hərəsində 15 mahnı olaraq, iki yarımfinala bölünəcək. Seçilmiş mahnılar dekabrın 12-də və 14-də, Sofiyanın "Milli Mədəniyyət Sarayında" keçiriləcək yarı-finallarda canlı ifa olunacaqlar. Hər yarımfinaldan tele və münsif səsverməsinin qarışığı nəticəsində seçiləcək 6 mahnı finala vəsiqə qazanacaq.
Milli Seçimin finalı yanvarın 28-də Sofiyanın "Milli Mədəniyyət Sarayında" keçiriləcək. 12 mahnı mayda Bolqarıstanı Bakıda təmsil etmək uğrunda mübarizə aparacaq. Qalib mahnı tele və münsif səsverməsinin qarışığı nəticəsində seçiləcək. Qeyd edək ki, Sloveniya Bakıda keçiriləcək 57-ci "Eurovision" Mahnı Müsabiqəsində iştirak edəcək iştirakçıların seçiminə başlanıb.
Sloveniya təmsilçisini müəyyən edəcək "Misija Evrovizija" müsabiqəsinin təşkilatçıları artıq finala qatılacaq 32 gəncin seçimini həyata keçirmişlər.
Oktyabrın 2-də ölkə yayımçısı olan RTVSLO-də keçiriləcək növbəti mərhələdə münsiflər heyəti finalçıların adlarını açıqlayacaqdır.
Münsiflər heyəti və tamaşaçıların birgə səsverməsi ilə ölkə təmsilçisinin adı yanvarda keçiriləcək final mərasimində müəyyənləşəcəkdir. Qeyd edək ki, "Eurovision"-2012 Mahnı Müsabiqəsi mayın 22-si, 24-ü və 26-sı Bakıda keçiriləcək.