PDF Oxu

Mədəniyyət

  • 300

BƏƏ-dəki “Azərbaycan” Cəmiyyəti Dubay Əmirliyinin Mərkəzi Kitabxanasına kitab hədiyyə edib

BƏƏ-dəki “Azərbaycan” Cəmiyyəti Dubay Əmirliyinin Mərkəzi Kitabxanasına kitab hədiyyə edib
Birləşmiş Ərəb Əmirliklərindəki "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanov Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər çərçivəsində Dubay Əmirliyinin Mərkəzi Kitabxanasının müdiri İsa Əhməd Əl-Mulla ilə görüşərək "Erməni terroru", Heydər Əliyev Fondunun hazırladığı "Qarabağ həqiqətləri", küveytli yazıçı Adil Al-Fallahin yazdığı "Heydər Əliyev və milli-mənəvi dəyərlər" və "Azərbaycan xalçaları" kitablarını hər birindən 20 nüsxə olmaqla kitabxanaya təqdim etmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, kitablar "Azərbaycan" Cəmiyyətinin rəsmi müraciətinə əsasən təqdim olunduğu üçün təqdimat mərasimində Dubay hökumətinin İctimaiyyətlə Əlaqələr idarəsinin rəhbəri Əhməd Əl-Zahiri də iştirak etmişdir.
Kitablar Dubay Əmirliyinin kitabxanasına təqdim olunmadan əvvəl "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanov Dubay əmirliyinin dövlət rəsmilərinə Azərbaycan Respublikasının son 20 ildə keçdiyi çətin, amma şərəfli inkişaf yolu, Azərbaycanın bu müddətdə, xüsusilə son 10 il ərzində qazandığı böyük uğurları, erməni qəsbkarlarının Azərbaycan xalqına qarşı həyata keçirdiyi misli görünməmiş vəhşilikləri barədə məlumat vermişdir. Samir İmanov yuxarıda adı çəkilən kitabların "Azərbaycan" Cəmiyyətinə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən təqdim olunduğunu qeyd etmişdir. O, hazırda bu kitabları Dubay Əmirliyinin Mərkəzi Kitabxanasına təqdim etməklə həmin kitabların əmirlik vətəndaşlarının geniş kütlələri, o cümlədən, alimlər, tələbələr, Azərbaycanla, Azərbaycan mədəniyyəti və incəsənəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, erməni terroru ilə bağlı obyektiv və ətraflı məlumat almaq istəyən hər bir kəs üçün maraq kəsb edəcəyinə inamını ifadə etmişdir.
Dubay hökumətinin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Əhməd Əl-Zahiri "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanova Azərbaycan Respublikasına dair geniş məlumat verdiyinə və Dubay Əmirliyinin Mərkəzi Kitabxanasına bu cür maraqlı kitablar təqdim etməsinə görə təşəkkürünü bildirmiş, həmin kitabların Dubayın digər kitabxanalarına da paylanacağını qeyd etmişdir. Əhməd Əl-Zahiri "Azərbaycan" Cəmiyyəti sədrinin 4 ay öncə Dubay Əmirliyinin Turizm Nazirliyində keçirdiyi görüşünü və həmin görüş əsnasında Samtir İmanovun Dubayın Turizm Nazirliyinə kitab və CD-lər təqdim etdiyini xatırladaraq bildirmişdir ki, həmin kitab və materiallar sayəsində bir sıra nazirlik və idarələrin əməkdaşları Azərbaycanı daha yaxından tanımaq imkanı əldə etmiş, Azərbaycana maraq artmış, onlarla dövlət qulluqçusu Azərbaycana səfər etmişdir və bu proses indi də davam edir. Daha sonra, o belə görüşlərin dövlətlərimiz və xalqlarımız arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulamışdır.

Digər xəbərlər