Azərbaycan poeziyasında vətənə sevgi, onun bəşər tarixində yeri ilə bağlı məqamlara tez-tez təsadüf edilir. Bu ənənəvi mövzunun qayəsi həyati reallıqlardan, yaşanılan olaylardan yaranır. Ta qədimdən bu günə qədər Azərbaycanın hüdudları övladlarının qəhrəmanlığı ilə qorunub saxlanılmış, coğrafi ərazisi dünya miqyasında tanınmışdır.
Belə bir amal uğrunda yaşayan və hər an torpaq qarşısında borcunu verməyə hazır olan oğulların simasında Azərbaycan qəhrəmanlar torpağı kimi tanınaraq düşmən qarşısında əyilməzliyini, məğrurluğunu göstərə bilmişdir. Bu baxımdan Azərbaycan ədəbiyyatında yaranan nümunələr də məhz məqsəd olaraq müqəddəsliyin ifadəsinə və təcəssümünə çevrilmişdir. Əli qələm tutan ziyalıların da yaradıcılığında ana xətt olan qəhrəmanlıq mövzusu məhz neçə-neçə oğulların keçdiyi yolun gerçəkliklərinin əsasında meydana gəlmişdir. Azərbaycan poeziyasında özünəməxsus ifadə və düşüncə tərzi ilə seçilən şair və publisist Şahnaz Nəsirovanın da yaradıcılığının qayəsini vətən və onun övladlarının nümunəvi fəaliyyəti təşkil edir. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Şahnaz xanımın bu yaxınlarda çapdan çıxan "Mübariz" kitabı da məhz bu qaynaq əsasında nəzmə çəkilmişdir. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun qısa və mənalı ömür yolunu işıqlandıran şairənin kitaba daxil etdiyi poema və şeirlərində qəhrəmanlıq simvoluna çevrilən insan obrazının bədii cizgilərini görə bilirik. Müəllif kitabın ilk səhifələrinə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarını daxil etmişdir ki, burada Mübariz İbrahimovun ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi və adının əbədiləşdirilməsi məqsədi ilə məktəblərdən və küçələrdən birinin adının verilməsi göstərilir. Bununla yanaşı, İlham Əliyevin Mübariz İbrahimov və Fərid Əhmədovun vida mərasimindəki çıxışı da kitaba daxil edilib. "Mübariz" poemasında müəllif Mübarizin doğulduğu ocağı, böyüyüb boya-başa çatdığı ailəni və aldığı tərbiyəni ifadə edərək, Azərbaycanda baş verən ictimai-siyasi hadisələrin gedişində vətən oğlunun qəlbindən boylanan düşmənə qarşı kini-küdurəti göstərir. Şairə qəhrəmanın qəlbinin qərarı ilə hərbçi olmasını və düşmənə öz igidliyini, ərənliyini göstərərək, Azərbaycana qarşı yönəldilmiş qara qüvvələrə üsyanını bədiiləşmiş bir şəkildə qələmə almışdır.
Vətən eşqi damarımda,
Vətən himni dodağımda.
Eşidirəm ki, səsləyir,
Hər gün əsir torpağım da
Arxamca su atma, ana.
-deyən Mübariz düşməni susdurmağa, ona öz həddini göstərməyə doğru üz tutur. Müəllif Mübarizin xəyalında canlandırdığı sevincli anları, sabahı, ümidli gələcəyi orijinal şəkildə oxucusuna təqdim edir. Səngərdə şimşək tək çaxan Mübarizin qeyrəti ilə silahlandığı o günü Şahnaz xanım dolğun və inandırıcı boyalarla qələmə alır. Onun keçdiyi yolun əbədiləşərək Azərbaycan tarixinə həkk edildiyini qeyd edərək qəlblərdə hər zaman yaşadığını söyləyir. "Vətən, mənim könlümdəsən" şeirlər silsiləsində "Böyük Azərbaycan torpağındanam", "Matəm yaraşmayır qəhrəmanlara", "Bu qaçqını obasına qaytaraq", "Ayrılığı kimlər saldı", "Şuşam mənim" və s. başlıqlı şeirlərində müəllifin vətən və onun oğullarının mübarizəsi ilə bağlı fikirləri əksini tapmışdır.
Müxtəlif mövzulara müraciət edən Şahnaz xanım yaradıcılıq yolunu şaxələndirərək bu və ya digər mövzuda olan şeirləri ilə oxucu diqqətindədir. Onun çapdan çıxan "Bu şəkil mənə bənzəmir" şeirlər kitabında vətən, yurd sevgisi, ötən illərin xatirələri öz əksini tapıb. Kitabda müəllif yaşadığı zamanın problemlərini, zamanla insan arasında olan müəyyən məqamları diqqətə çəkərək müxtəlif proseslərin üfüqündə öz fikirlərini məzmunlu şəkildə poeziya aləminə gətirə bilmişdir. Bu kitaba daxil olan "Dünya məni bəyənmədi", "Tanrı, yağış, mən", "Gəldim, baxdım, qayıtdım", "Taledən qaça bilmərəm" və s. şeirləri adlarından göründüyü kimi məzmun etibarı ilə fərqlidir. Müxtəlif illərdə qələmə alınmış bu şeirlərdə Şahnaz xanımın yaradıcılıq təxəyyülündən doğan ştrixləri görür və onun həyatla bağlı fəlsəfi məzmun kəsb edən görüşləri ilə tanış oluruq. Müəllifin bakirə hisslərinin məcmusunda onun ən ülvi hisslərinin belə ifadəsinə təsadüf edilir:
İstədim bu dilsiz məhəbbətimi,
Gözümdən oxuyub, duya biləsən.
İllər arxasından göyərçin kimi,
Görüş yerimizə uça biləsən.
Şahnaz xanımın bir-birinin ardınca çap etdirdiyi nümunələr sırasında "Seyid Umu xanım və beş kimsənə ocağı" kitabı da maraq doğurur. Kitabda inanc yerlərimizdən biri olan el ağbirçəyi, şərəfli ocaq sahibi Seyid Umu ananın möcüzəli həyat tərzindən söz açılır. Müəllif Seyid Umu ananın həyat yoluna izlər salan illərindən söz açaraq onun tərbiyə aldığı ocağın təsir gücü də diqqətə çəkilib. Seyid Umu ananın şəcərəsi, ulu babası, atası və başqa nəslin nümayəndələri haqqında məlumat verərək, bu ocağın möcüzəli bir gücə, qüvvəyə malik olmasını oxuculara təqdim edir. Yaşadıqları el-obada öz nəcabətləri, kəramətləri ilə sayılıb-seçilən bu şəcərənin İlahi qüvvəsini faktlar və reallıqlar əsasında işıqlandırır. Kitabda eyni zamanda, bu ocağı tanıyan və ona üz tutan insanların Seyid Umu ananın hansı gücə, qüvvətə malik olması belə onların dili ilə verilir.
Şahnaz Nəsirovanın müəllifliyi ilə nəşr edilən hər bir kitab öz məzmunu, məramı etibarı ilə fərqli və orijinal nümunələrdir.
Bütün Polşa onun haqqında danışır...