PDF Oxu

Mədəniyyət

  • 307

TÜRKSOY Mədəniyyət Nazirləri Daimi

TÜRKSOY Mədəniyyət Nazirləri Daimi

İclasın yekun protokoluna əsasən TÜRKSOY-un 2012-ci il üçün Fəaliyyət Planı təsdiq edilib

Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının XXIX toplantısı keçirilmişdir. Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin birinci müavini cənab Vaqif Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti iclasda Azərbaycanı təmsil etmişdir.

TÜRKSOY-un Baş katibi, Qazaxıstan, Türkiyə, Türkmənistan və Şimali Kiprin mədəniyyət nazirləri, Qırğızıstan, Rusiya Federasiyasının Başqırdıstan, Tatarıstanın mədəniyyət nazirlərinin müavinləri, Moldova Respublikasının Qaqauz Yeri vilayətinin mədəniyyət idarəsinin rəisi və ölkələrin nümayəndə heyətləri iclasda iştirak etmişlər.

İclas zamanı, 2011-ci il Abdulla Tukay İli çərçivəsində görülmüş işlər haqqında hesabat, türkdilli ölkələrin müstəqillik əldə etdikdən sonra 20 il ərzində mədəniyyət və incəsənət sahəsində gördükləri işlər barədə məlumat, təşkilatın maliyyə hesabatı, Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində keçirilmiş TÜRKSOY üzv ölkələrinin YUNESKO üzrə Milli Komissiyalarının iclası və TÜRKSOY-un qeyri-maddi mədəni irsi üzrə seminarın nəticələri, TÜRKSOY-a üzv ölkələrin üzvlük haqlarının artırılması, üzv ölkələrin TÜRKSOY-dakı təmsilçilərinin statusları ilə bağlı vəziyyət və digər məsələlər müzakirə olunmuşdur.

2012-ci ilin TÜRKSOY çərçivəsində Tatarıstanın tanınmış şairi Abdullay Tukay ili elan olunması və bununla bağlı Tatarıstanda keçirilmiş mədəniyyət tədbirlərində ölkəmizin fəal iştirakının təmin olunmasına görə Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev Tatarıstanın mədəniyyət naziri tərəfindən "Mədəniyyət sahəsindəki nailiyyətlərinə görə" döş nişanına layiq görülmüşdür.

İclasın sonunda TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının toplantısının Qərarı və iclasın Yekun Protokolu qəbul olunmuşdur.

Qərara əsasən TÜRKSOY-un Baş Katibi cənab Düsen Kaseinov 2011-2014-cü illər üçün yenidən TÜRKSOY-un Baş Katibi seçilmiş, 2012-ci il TÜRKSOY çərçivəsində Xakasiyanın dünyaca tanınmış türkoloqu Nikolay Katanov ili elan edilmiş, Qazaxıstanın paytaxtı Astana şəhəri 2012-ci il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" seçilmişdir. Türkiyə Respublikasının mədəniyyət və turizm naziri cənab Ertoğrul Günay Türkiyənin Eskişehir şəhərinin 2013-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi təklifini irəli sürmüş və təklif yekdilliklə bəyənilmişdir.

İclasın Yekun Protokoluna əsasən TÜRKSOY-un 2012-ci il üçün Fəaliyyət Planı təsdiq edilmiş, təşkilatın təsisçi üzv ölkələrinin və müşahidəçi ölkələrin üzvlük haqlarının artırılması, eyni zamanda, ölkənin milli qanunvericiliyi nəzərə alınmaqla TÜRKSOY üzv ölkələrinin Mədəniyyət Nazirliklərinin TÜRKSOY-dakı təmsilçilərinə diplomatik status verilməsi ilə bağlı Mədəniyyət Nazirlikləri tərəfindən ölkənin hökumətinə təklif irəli sürülməsi tövsiyə olunmuşdur.

TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının XXX Dönəm Toplantısının yeri müəyyənləşdirilənə qədər Türkiyənin mədəniyyət və turizm naziri cənab Ə.Günay koordinatorluğu müvəqqəti olaraq öz üzərinə götürmüşdür.

Digər xəbərlər