AMEA Rəyasət Heyətində görkəmli sənətşünas alim, AMEA-nın müxbir üzvü Kərim Kərimovun anadan olmasının 90 illik yubileyi keçirilib. Tədbir başlamazdan öncə AMEA Mərkəzi-Elmi Kitabxanası tərəfindən təşkil olunmuş alimin elmi yaradıcılığını əks etdirən sərgi nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov qeyd edib ki, K.Kərimovun bütün həyatı, elmi, elmi-təşkilati və ictimai fəaliyyəti qədim və zəngin ənənələrə malik Azərbaycan mədəniyyətinin, incəsənətinin elmi meyar və prinsiplərlə tədqiqinə və təbliğinə yönəldilmişdir. O, Kərimovun elmi fəaliyyətinin Azərbaycan təsviri sənət tarixinin yaradılması, orta əsr miniatür sənətinin araşdırılması, bir çox Azərbaycan sənət əsərlərinin və sənətkarlarının aşkar edilməsi və ilkin tədqiqinə həsr olunduğunu, Təbriz və Qəzvin miniatür məktəblərinin kəşfi və elmi əsaslandırılmasının, onların Yaxın və Orta Şərq incəsənətinə təsirinin öyrənilməsinin alimin adı ilə bağlı olduğunu qeyd etdi. A.Həşimov qeyd etdi ki, K.Kərimovun 100-dən çox elmi əsəri, o cümlədən, monoqrafiya, kataloq, albom və məqalələri bu istiqamətdə elmi problemlərin həllinə yönəlmişdir. K.Kərimovun fəaliyyəti dövlət və cəmiyyət tərəfindən yüksək qiymətləndirilmiş, o, Beynəlxalq Gözəl Sənətlər Akademiyasının həqiqi üzvü seçilmiş, Mədəniyyət Abidələrinin Qorunması və Bərpası Metodiki Şurasının və digər şura və komissiyaların üzvü olmuş, "Şanlı əmək üçün" medalı və "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur.
AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, sənətşünaslıq doktoru, professor Ərtegin Salamzadə "Kərim Kərimovun tədqiqatlarında ikonoqrafiya problemi" mövzusunda, fəlsəfə doktoru Tahir Bayramov "Miniatürün görkəmli tədqiqatçısı" mövzusunda, fəlsəfə doktoru İmaş Hacıyev "K.Kərimovun yaradıcılığında miniatür sənəti tədqiqinin nəzəri-metodoloji əsasları" mövzusunda çıxış ediblər.
Tədbirdə çıxış edən akademik Bəkir Nəbiyev, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı Ömər Eldarov, AMEA-nın müxbir üzvləri Kamal Abdullayev və Zemfira Səfərova, Rəssamlar İttifaqının sədr müavini Ağəli İbrahimov, Rəssamlıq Akademiyasının professoru Fuad Salayev və sənətşünaslıq doktoru, professor Kübra Əliyev alimlə bağlı xatirələrini danışıblar.
Sonda alimin oğlu akademik Mahmud Kərimov tədbir təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirib və atası ilə bağlı xatirələrini danışıb.
Bütün Polşa onun haqqında danışır...