Avropa Kino Filmləri Azərbaycanda
Avropa Kino Festivalları Azərbaycanda hər il keçirilən mühüm tədbirə çevrilməkdədir. Məqsəd Avropa Birliyi ölkələri ilə Azərbaycan arasındakı mədəni əlaqələri qurmaq və inkişaf etdirmək, Avropa kino sənayesi vasitəsilə Avropa dəyərləri haqqında anlayışı daha da artırmaqdır.
Mədəniyyət və Turizm Nazirliyindən aldığımız məlumata görə, 6-10 oktyabr tarixlərində Bakıda Avropa Birliyi Nümayəndəliyi (AB), Avropa Birliyinə üzv Dövlətlərin Azərbaycanda təmsil olunmuş səfirlikləri, "Park Cinema" və "Azercell Telekom"-un birgə təşkilatçılığı ilə Avropa Kino Festivalı keçiriləcəkdir. Festival zamanı müasir Avropa filmlərinin nümayişi ilə yanaşı, Avropanın dünya şöhrətli film rejissorları və aktyorları da tədbirdə iştirak edəcəklər. Festivalın qonaqları fransız kino rejissoru Olivier Horley, avstriyalı kino rejissor Maykl Qlavoqqer, polşalı kino rejissor Marek Leçki, almaniyalı sənədli film rejissorları Stefan Kolbe və Kris Vrayt, litvalı kino rejissor İnesa Kurklietite və yunanıstanlı aktyor Gennadios Patsisdir. Filmlərə baxışdan sonra tamaşaçılara qonaqlarla interaktiv müzakirələrdə iştirak etmək imkanı veriləcəkdir.
Avropa Birliyinə daxil olan Azərbaycanda təmsil olunmuş 12 dövlətdən (Avstriya, Belçika, Çex Respublikası, İtaliya, Latviya, Litva, Hollandiya, Polşa, Birləşmiş Krallıq və Yunanıstan və Fransanın birgə səyi ilə çəkilmiş film) 11 filmin nümayişi proqrama daxildir.