Akademik Milli Dram Teatrında milli teatr sənətinin görkəmli simalarından olan əməkdar artist, Dövlət Mükafatı laureatı Hamlet Xanızadənin anadan olmasının 70 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.
Tədbirdə çıxış edən xalq artisti Rafiq Əzimov dramatik rolların ölməz ifaçısı Hamlet Xanızadənin həyat və yaradıcılığına nəzər salıb. O, qeyd edib ki, uşaqlığı Bakıda keçən Hamlet Xanızadə orta təhsilini də məhz burada alıb. Ailəsi Hamlet Xanızadənin aktyor olmasını istəməyib. Amma balaca Hamletin qəlbində baş qaldıran sənət həvəsi hər şeyə üstün gəlib. Hamlet uşaqlıqdan teatra, kinoya meyilli olub. 50-ci illərin sonlarında İncəsənət Universitetinə daxil olub:"1961-ci ildə isə artıq aktyor kimi Akademik Dram Teatrına işə gəlmişdi. Hamlet Xanızadə elə institut illərindən özünü istedadlı aktyor kimi təqdim etmişdi. Tədris teatrında yaratdığı rollar müəllimlərin də, uşaqların da qəlbində özünə yer almışdı. Çox tamaşalarda oynayıb. Onların adlarını sadalamaqla qurtaran deyil. Tərəf-müqabilləri də ki, səhnəmizin tanınmış simaları olublar. Mehdi Məmmədov, Əliağa Ağayev, Ağasadıq Gəraybəyli, İsmayıl Osmanlı, Hökumə Qurbanova, İsmayıl Dağıstanlı və onlarla müqtədir sənət korifeyləri ilə birgə işləyib, sənətin sirlərini mənimsəyib. Bu teatr onun üçün həm də məktəb idi".
Rafiq Əzimov Hamlet Xanızadənin bu teatrda püxtələşməsini, tamaşaçıların qəlbinə yol tapdığını söylədi. O, sənətkarın kino sənətində yaratdığı obrazlara da münasibətini bildirdi. Kinoya 70-ci illərdə gəlmişdi. Tofiq Tağızadənin "Yeddi oğul istərəm", "O qızı tapın", "Axırıncı aşırım" filmlərində əsas rolların ifaçısı olub. "Arxadan vurulan zərbə" filmindəki İmaş rolu uğurlu obrazlar silsiləsindəndir. İmaş da baş qəhrəman deyil, ancaq o öz oyunu ilə obrazı elə yüksək səviyyədə təqdim edir ki, onu əsas qəhrəmanlar səviyyəsinə çatdırır. Hamletin bu filmdəki rolu kinomuzun çox maraqlı qəhrəmanlarındandır. Xəlifə Mötəsimi isə "Babək" filmində yaratmışdı. Bu tarixi filmdə onun ifa etdiyi rol o qədər böyük olmasa da, hadisələrin ümumi gedişinə təsir göstərən tarixi simadır. Hamlet onu uğurla yaradıb, sevdirib bizlərə. Və nəhayət, "Qətl günü" filmindəki Sədi Əfəndi. Sədi Əfəndi ümumiləşmiş yazıçı, filosof obrazıdır. Biz onu xəstə vəziyyətdə görürük və bu insanın düçar olduğu xəstəlikdən sağalmayacağını da duyuruq. Aktyor zamanın min bir əzablarından keçmiş bu insanın bütün ağrılarını məharətlə yaşayır, onu sevdirir, elə özü sevdiyi kimi.
Hansı rolda çəkilməsindən asılı olmayaraq, aktyor oynadığı rolun məsuliyyətini gözəl dərk edirdi. O, rejissorlarla çox asan dil tapırdı. Olduqca səmimi, işgüzar bir insan idi. Onu tanıyanlar deyirdilər ki, Hamlet heç vaxt insanların qəlbinə toxunmazdı. Rolları isə əksinə qəddar, zalım, qaniçən insanlar olurdu. Hamlet Xanızadə güclü yaradıcı potensiala malik aktyor idi. Onun zəngin daxili aləmi müxtəlif xarakterli rolları yaratmağa imkan verirdi. Əməkdar artist idi. Xalq onu sevirdi. Mükafatı isə bir dövlət mükafatı və bir də xalqın ürəyində qazandığı məhəbbət idi. Bu məhəbbət bu gün də var, sabah da olacaq. Hamlet Xanızadə ömrünün son günlərinə qədər işləyirdi. Özü də həvəslə, yorulmadan işləyirdi.
Tədbirin sonunda Hamlet Xanızadənin oynadığı tamaşalardan parçalar, teatrın foyesində aktyorun həyat və yaradıcılığını əks etdirən foto-sərgi nümayiş etdirilib.
Bütün Polşa onun haqqında danışır...