İslam Respublikası ilə Azərbaycan Respublikası arasında olan tarixi dostluq və qarşılıqlı hörmət ənənələri bu gün hər iki tərəfdən dövlət siyasəti səviyyəsində inkişaf etdirilir. Təbii ki, mövcud şərait mədəniyyət sahəsində əməkdaşlığın da genişlənməsinə imkan yaradır. Təsadüfi deyil ki, ötən il İranda böyük uğurla Azərbaycan mədəniyyəti günləri keçirilmiş, dövlətlərarası mədəniyyət proqramlarının davamı olaraq 2011-ci ilin oktyabr ayının 3-dən Azərbaycanda İran İslam Respublikasının mədəniyyət həftəsi öz işinə başlamışdır.
Maraqlı sərgilərin, bədii kino nümayişlərinin, ədəbi-elmi görüşlərin uğurla davam etdiyi günlərdə, təəssüf ki, İran İslam Respublikasının "Fars Xəbər Agentliyi" və "Tehran Tayms" kimi informasiya vasitələri bu əhəmiyyətli mədəniyyət hadisəsini işıqlandırarkən ədəbiyyat və mədəniyyət tarixindən bütün dünyaya məlum olan gerçək faktları təhrif etməyə cəhd göstərmişlər.
Mədəniyyət və Turizm Nazirliyindən aldığımız məlumata görə, "Tehran Tayms" Nizami Gəncəvinin Azərbaycanın qədim şəhəri Gəncədə yaşayıb-yaratdığını, vəfat etdiyini, mavzoleyinin orada yerləşdiyini yazsa da, dahi azərbaycanlını İran şairi kimi təqdim etmişdir. "Fars Xəbər Agentliyi" də eyni kobud yanlışlığa yol vermişdir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, İranın mətbuat orqanlarına yol tapmış yanlış məlumatlara qarşı qəti etirazını və dərin təəssüf hissini bildirir, bütün tarixi, ədəbi məxəzlərin, dünya ictimaiyyətinin, nizamişünaslıq elminin təkzibolunmaz dəlillərinə əsasən Nizami Gəncəvinin İran şairi deyil, Azərbaycan şairi olduğunu, Azərbaycanın qədim şəhəri Gəncədə doğulub yaşadığını, orada əbədiyyətə qovuşduğunu bəyan edir. 9 əsr ərzində Nizami Gəncəvi adı, onun ölməz irsi həmişə Azərbaycana məxsus olmuş, dahi şairi dünya sivilizasiyasına Azərbaycan xalqı bəxş etmişdir. Dövrün ədəbi qaydalarına uyğun olaraq bir çox Azərbaycan şairləri kimi, Nizami Gəncəvinin də öz əsərlərini fars dilində yaratması onun milli mənsubiyyətini təyinetmə mövzusu olmayıb və ola da bilməz.
İnanırıq ki, "Fars Xəbər Agentliyi"nin və "Tehran Tayms"ın yanlış məlumatları İran cəmiyyətinin mövqeyini ifadə etmir və hər hansı bir xəbər qurumunun mətbuat qanunlarına məsuliyyətsiz münasibəti İran - Azərbaycan mədəni əlaqələrinin gələcək inkişafına kölgə sala bilməz.
Bütün Polşa onun haqqında danışır...