Noyabrın 12-dən dekabrın 25-dək Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş irimiqyaslı "Milli dəyərlər" kampaniyası keçiriləcək. Dekabrın 25-də isə "Milli dəyərlər" layihəsi çərçivəsində "Milli gecə" adlı tədbirin təşkili nəzərdə tutulur. Layihənin rəhbəri Fuad Hacıyevin verdiyi məlumata görə, "F-Grup Production" MMC-nin reallaşdıracağı "Milli dəyərlər" layihəsi bir ay Azərbaycanda, bir ay isə Avropada həyata keçiriləcəkdir. Lakin bu layihədən əvvəl onun çərçivəsində "Milli gecə"nin keçirilməsi nəzərdə tutulur.
Layihə çərçivəsində Azərbaycanın milli dəyərlərindən bəhs edən film çəkiləcək və kampaniyanın noyabrın 12-də keçiriləcək açılış mərasimində həmin ekran əsəri ictimaiyyətə təqdim olunacaq.
"Azərbaycanın milli filmləri" həftəsinin keçirilməsi, milli geyimli gənclərin Bakının müxtəlif yerlərində dolaşması, xalq çalğı alətləri qrupları tərəfindən şəhərin müxtəlif yerlərində musiqinin səsləndirilməsi, mərkəzi meydanlarda turistlərə milli təamlarımızın təqdim olunması və onlara milli mətbəximizin barəsində məlumat verilməsi də planlaşdırılır.
Layihə çərçivəsində, həmçinin, Azərbaycanın dövlət bayrağının əks olunduğu lent və döş nişanlarının hazırlanması, paylanılması, ali məktəblərdə milli mədəniyyətimizlə bağlı tamaşa və tədbirlərin keçirilməsi nəzərdə tutulub. Kampaniyanın Avropada keçirilməsi nəzərdə tutulan hissəsinin Afina, Paris, Berlin, Amsterdam və Roma kimi şəhərlərdə reallaşdırılması planlaşdırılıb. Artıq bu istiqamətdə hazırlıq işlərinə başlanılıb. Hazırda milli filmlərimizin ingilis dilinə tərcüməsi işi gedir. Milli mətbəximiz, tarix və mədəniyyətimiz barədə Azərbaycan, rus və ingilis dillərində materiallar da hazırlanmışdır. Tədbirlər çərçivəsində bu materiallar çoxaldılaraq paylanılacaq. Bundan əlavə, təşkilatçılar tərəfindən "Milli brend" mükafatı təsis ediləcək və layihənin yekun tədbiri olaraq təntənəli "Milli gecə" keçiriləcək. Layihədə mükafat alacaq brendləri sosial şəbəkələrdə və internet portallarda keçiriləcək sorğular təyin edəcək.
Bütün Polşa onun haqqında danışır...