PDF Oxu

Mədəniyyət

  • 303

Cahangir Cahangirovun yubileyinə həsr edilmiş konfrans keçirildi

Cahangir Cahangirovun yubileyinə həsr edilmiş konfrans keçirildi

Dünən Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda görkəmli bəstəkar, xalq artisti, Dövlət mükafatı laureatı, professor Cahangir Cahangirovun anadan olmasının 90 illiyinə həsr edilmiş konfrans keçirildi.

Tədbirdə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə bəstəkarın mənalı ömür yolundan, zəngin yaradıcılığından geniş söhbət açdı.

Konfransda qeyd olundu ki, bugünkü tədbir musiqi fondumuza qızıl hərflərlə yazılmış Cahangir Cahangirovun xatirəsinə ehtiramın ifadəsidir. Onun xor sahəsindəki yaradıcılığı əsası Üzeyir Hacıbəyli tərəfindən qoyulmuş Azərbaycan xor sənətində zirvə sayılır. Çoxşaxəli yaradıcılığa malik sənətkar, həmçinin, Azərbaycan Dövlət Filarmoniyasının nəzdindəki Mahnı və Rəqs Ansamblının bədii rəhbəri olub.

F.Əlizadə vurğuladı ki, Azərbaycan musiqi tarixində ilk dəfə xor üçün muğam məhz C.Cahangirov tərəfindən yazılıb. İyirmi ildir aramızda olmamasına baxmayaraq, onun ölməz əsərləri indi də sevilə-sevilə oxunur və bundan sonra da belə olacaq.

Konfransda "C.Cahangirovun yaradıcılığında novatorluq", "C.Cahangirovun yaradıcılığı Azərbaycan xor mədəniyyəti kontekstində" və "C.Cahangirovun mahnılarının bəzi poetik xüsusiyyətləri haqqında" mövzularında məruzələr dinlənildi.

Məruzəçilər görkəmli bəstəkar Cahangir Cahangirovun Azərbaycan musiqi tarixindəki yeri və onun milli musiqi sənətimizin yaşamasına, inkişafına, tərəqqisinə verdiyi dəyərli töhfələrdən geniş söhbət açdılar.

Tədbirin sonunda Yaqub Zurufçunun ifasında C.Cahangirovun mahnıları səsləndi.

Digər xəbərlər