PDF Oxu

Mədəniyyət

  • 291

“Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tarixi varisidir” mövzusunda sərgi keçirildi

“Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tarixi varisidir” mövzusunda sərgi keçirildi

Dünən Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi-Elmi Kitabxanasında respublikamızın dövlət müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar "Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tarixi varisidir" mövzusunda sərgi keçirildi.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli Ümummilli Lider Heydər Əliyevin elm və təhsilin inkişafına daim böyük önəm verdiyini, bu siyasətin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söylədi. O bildirdi ki, müstəqilliyimizin bərpasının iyirminci ildönümü ölkəmizin həyatında müstəsna əhəmiyyət daşıyan ictimai-siyasi hadisədir. 20 ildə Azərbaycan Respublikasının keçdiyi zəngin inkişaf yolunda qazandığı parlaq nailiyyətlər Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsidir.

Tədbir zamanı A.Əliyeva-Kəngərlinin tərtibçi-müəllifi, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun elmi redaktoru olduğu "Müstəqilliyə gedən yol: Azərbaycan Xalq Cümhuriyyəti" kitabının təqdimatı da keçirildi.

Sərgidə Azərbaycan dövlət müstəqilliyinin bərpa edilməsi, demokratik, hüquqi və dünyəvi dövlətin qurulması, Azərbaycan Respublikasının ilk sələfi olan Azərbaycan Xalq Cümhuriyyəti haqqında sənədlər və AMEA-nın müstəqillik illərində ölkəmizin iqtisadi, siyasi, sosial və mədəni inkişafında qazandığı elmi nailiyyətlərini əks etdirən fundamental nəşrlər nümayiş etdirildi.

Sərgi 3 bölmədə: "Azərbaycan Xalq Cümhuriyyəti - Şərqdə ilk hüquqi, dünyəvi demokratik respublika", "Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin tarixi varisidir" və "Müstəqillik illərində AMEA-nın elmi nailiyyətləri" oxuculara təqdim olundu.

Ümumiyyətlə, sərgidə Azərbaycan, rus və ingilis dillərində 4000-ə qədər kitab, monoqrafiya, məcmuə və jurnallar sərgiləndi.

Digər xəbərlər