PDF Oxu

Mədəniyyət

  • 643

Milli mədəniyyətimizə töhfələr verən sənətkar

Milli mədəniyyətimizə töhfələr verən sənətkar

Milli köklərə söykənən xalça sənəti yarandığı gündən hər zaman xalqın xidmətində olmuş, onun mədəni irsi kimi bir çox sənətkarların ilham mənbəyinə çevrilmişdir. Bu sənətin qorunmasında və inkişafında mühüm xidmətlər göstərmiş sənət fədailərindən biri də xalq rəssamı K.Əliyevdir. Azərbaycanın xalçaçı-rəssamı olaraq tarixə iz salmış Kamil Əliyev çoxşaxəli və orijinal üslubu ilə milli mədəniyyətimizə töhfələrini vermişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 90 illik yubileyini qeyd etdiyimiz sənətkarın Azərbaycan rəssamlıq sənətində, xüsusilə də, xalçaçılıqda məxsusi yeri vardır.

"Onun əsərləri Azərbaycan xalçaçılıq sənətində, rəssamlıq məktəbində daim yaşayacaq və çox görkəmli əsərlər kimi Azərbaycan mədəniyyəti xəzinəsində öz yerlərini tutacaqdır". Sənətkar haqqında bu sözləri Azərbaycan xalqının Ümummilli Lideri, mədəniyyətimizin mahir bilicisi və böyük hamisi Heydər Əliyev demişdir.

K.Əliyev incəsənətimizi yüksəkliklərə qaldıran, onu öz əsərləri ilə daha da zənginləşdirən görkəmli şəxslərdən biridir. Rəssamın əsərləri Paris, London, Tokio, Dehli, Ankara, İstanbul, Tehran, Moskva, Kiyev və başqa şəhərlərin nüfuzlu muzey və qalereyalarında nümayiş etdirilmiş və tamaşaçıların rəğbətini qazanmışdır.

K.Əliyev Bakı Rəssamlıq Məktəbində təhsil alarkən "Azərxalça" birliyində Lətif Kərimov, Qəzənfər Xalıqov, Kazım Kazımzadə və başqa görkəmli sənət adamları ilə birlikdə bacarıqlı ornamental rəssam kimi çalışmış və zəngin təcrübə qazanmışdır.

Kamil Əliyevin yaradıcılığında süjetli və portret-xalçaların yaradılması aparıcı mövqe tutur. Bu illərdə sənətkar bir-birinin ardınca yüksək professionallıqla Azərbaycan klassiklərinin, görkəmli dövlət xadimlərinin portretlərini yaradır. K.Əliyevin portret-xalçalarının ikinci silsiləsi müxtəlif ölkələrin tanınmış siyasət və dövlət xadimlərinə həsr olunmuşdur. Kamil Əliyev Heydər Əliyevin ölkənin Ali Baş Komandanı kimi general libasında portret xalçasını yaratmışdır.

Kamil Əliyevin böyük və zəngin yaradıcı əməyi dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmişdir. O, Azərbaycan Respublikasının "Xalq Rəssamı" adına, ölkənin ən yüksək mükafatı olan "İstiqlal" ordeninə layiq görülmüşdür. Xalq dekorativ-tətbiqi sənəti sahəsində gördüyü səmərəli elmi işlərə görə ona professor elmi dərəcəsi verilmişdir.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Mehin Vahabovanın "Səs"ə verdiyi məlumata görə, nazirlik tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamının icrası məqsədilə K.Əliyevin 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, oktyabrın 22-də K.Əliyevin qəbirüstü abidəsi ziyarət olunacaq. Elə həmin gün "Kamil Əliyevin xalça dünyası" kitab-albomunun təqdimat mərasimi keçiriləcək. Oktyabrın 25-də isə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində K.Əliyevin əsərlərindən ibarət yubiley sərgisi təşkil olunacaq. Bütün bunlarla yanaşı, oktyabr-dekabr aylarında K.Əliyevin 90 illik yubiley mərasimlərinin Naxçıvan, Gəncə, Quba, Xaçmaz və İsmayıllı rayonlarında da keçirilməsi planlaşdırılır.

Digər xəbərlər