PDF Oxu

Mədəniyyət

  • 286

Yaddaşlardan silinməyəcək şair

Yaddaşlardan silinməyəcək şair

Azərbaycanın xalq şairi Xəlil Rza Ulutürk 1932-ci il oktyabr ayının 21-də Azərbaycanda Salyan rayonunun Pirəbbə kəndində dünyaya göz açıb. İki saylı Salyan şəhər orta məktəbində təhsil alan Xəlil Rza ilk illərdən öz çalışqanlığı, fərasəti və davranışı ilə müəllimlərin rəğbətini qazanmışdı.

1939-1949-cu illərin məktəb həyatı Xəlilin bədii ədəbiyyat aləminə, necə deyərlər, poeziyanın əzablı, romantik yaradıcılıq meydanına çıxması üçün hazırlıq dövrü olub. Onun şifahi xalq ədəbiyyatını, klassik və müasir yazıçıların əsərlərini mütaliə etməsi, istər-istəməz onda yazıb-yaratmağa güclü həvəs oyatmışdı. Xəlil onu həyəcanlandıran, düşündürən hadisələri bəzən poetik dillə ifadə etməyə çalışırdı. Onun ilk mətbu şeri "Kitab" 1948-ci ildə "Azərbaycan pioneri" qəzetində dərc olunub.

1949-cu ildə Xəlilin Azərbaycan Dövlət Uiversitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olması, Bakı ədəbi mühiti onun yaradıcılıq imkanlarına geniş yol açdı: universitetdə ədəbiyyatşünas-alim Cəfər Xəndanın, sonralar şair Bəxtiyar Vahabzadənin rəhbərlik etdiyi ədəbi dərnəkdə, istərsə də Azərbaycan Yazıçılar Birliyində xalq yazıçısı Mirzə İbrahimovun başçılığı ilə keçirilən "Gənclər günü" məşğələlərində fəal iştirak etməsi Xəlil Rzanın şair kimi püxtələşməsinə ciddi təsir göstərib. 1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirən Xəlil Rza əmək fəaliyyətinə "Azərbaycan qadını" jurnalı redaksiyasında başlayıb. O, burada ədəbi işçi vəzifəsində çalışdığı iki ildə dövri mətbuatda çap etdirdiyi məqalə və şeirlərlə ədəbi ictimaiyyətin diqqətini cəlb etmişdi. 1954-cü ildə Xəlil Rza SSRİ Yazıçılar İttifaqının üzvü seçilir. Onun ilk şeirlər toplusu - "Bahar gəlir" kitabı nəşr olunur. 1957-ci ilin avqust ayında Azərbaycan Yazıçılar İttifaqının Xəlil Rzanı Moskvaya, M.Qorki adına Dünya Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik Ali Ədəbiyyat kurslarına göndərməsi də gənc şairin gələcəyinə inamla bağlı olub. Xəlil Rza institutda rus ədəbiyyatının görkəmli sənətkarı Pavel Antokolskinin rəhbərlik etdiyi bölmədə poeziyanın nəzəri əsaslarını öyrənməklə yanaşı, dünya xalqlarının mədəni irsi ilə yaxından tanış olmuşdu. Moskvada təhsil illərində görkəmli rus şairi Samuil Marşakın evində və Yasnaya Polyanada dahi Lev Tolstoyun xatirə muzeyində olması, Leninqrada Ermitaj xəzinəsinə kollektiv səfəri, Nazim Hikmət və Mixail Şoloxovla görüşləri gənc şairin xatirəsində dərin izlər buraxıb.

1959-cu ildə Xəlil Rza Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdi. O,1963-cü ildə "Müharibədən sonrakı Azərbaycan sovet ədəbiyyatında poema janrı (1945-1950)" mövzusunda yazdığı dissertasiyanı uğurla müdafiə etmiş, filologiya elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdü. Onu institutda müəllim kimi saxlamışlar. Tələbə auditoriyasına müəllim kimi daxil olduğu gündən Xəlil Rza dərs proqramı çərçivəsi ilə məhdudlaşmamış, vətənpərvərlik ruhlu mühazirələrində qədim milli bəşəri dəyərlərimizdən və doğma dilimizdən ürək yanğısı ilə söhbət açmışdır.

Xəlil Rza Azərbaycan dilinin saflığı, əcnəbi dilin təsirinə məruz qalmaması üçün özünəməxsus mübarizə yolu da seçmişdi.O, müasirlərinin diqqətini ana dilinin saflığını qorumağa cəlb etməyə, digər tərəfdən ruslaşdırma siyasətinə qarşı mübarizə aparmağa çalışmışdı. Əlbəttə, bütün bunlar dövlətin hakim dairələrinin nəzər-diqqətindən yayınmır, çox çəkmir ki, onun ictimai-pedaqoji fəaliyyəti məhdudlaşdırılır.

1984-cü ildə şairin "Ömürdən uzun gecələr" adlı kitabı və SSRİ xalqlarının dillərindən tərcümə edilmiş poetik əsərlərdən ibarət "Qardaşlıq çələngi" toplusu ictimaiyyət tərəfindən Azərbaycan SSR Dövlət mükafatına təqdim olunsa da, hakim dairələrin etinasızlığı ilə qarşılandı. Bu soyuq münasibət onu sarsıtmadı. Şairin ən böyük vəzifəsini yazıb yaratmaqda görən Xəlil Rza yorulmadan var qüvvəsi ilə çalışır; yeni şeirləri, elmi araşdırmaları ilə təsəlli tapır. 1985-ci ildə "Maqsud Şeyxzadənin bədii yaradıcılığı və Azərbaycan-özbək ədəbi əlaqələrinin aktual problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edir. 1986-cı ildə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə ona Əməkdar incəsənət xadimi fəxri adı verilir.

80-ci illərin axırlarında xalq azadlıq hərəkatı genişləndiyi zaman Xəlil Rzanın gur səsi Azərbaycanın bütün regionlarında eşidilirdi. O, bütün varlığı ilə xalq hərəkatına qoşulmuşdu, hər yerdə rus şovinist siyasətini, Dağlıq Qarabağ torpağına təcavüz edən erməni daşnaklarını odlu-alovlu çıxışları ilə ifşa edirdi.


Biz Türküstan elləriyik,

Qeyrət, qüdrət selləriyik.

Daşnakları qovan bizik,

Dar gözləri ovan bizik.

Yetər meydan suladılar,

Yurdumuzu taladılar.


Son günlərini yaşayan sovet imperiyası ömrünü uzatmaq üçün 1990-cı ilin yanvarında Azərbaycanın paytaxtı Bakıda dinc əhaliyə vəhşicəsinə divan tutdu. Bu qətliam, soyqırım siyasəti Qorbaçovun və onun əlaltılarının iradəsi ilə icra edilirdi. Bütün dünyanın açıq fikirli adamları bu aksiyanı, bəşər tarixində misli görünməmiş qətliamı lənətlə qarşıladılar. Sovet ordusu tərkibində zirehli tanklarla, hərbi gəmilər və müasir silah növləri ilə yaraqlanıb xüsusi tapşırıqla Bakını gülləbaran edənlərin törətdiyi cinayətlər Xəlil Rzanı sarsıtmışdı. O, bütün qüvvəsi ilə gecə-gündüz dinclik bilmədən, ürəyini məşələ çevirib xalqı düşmənlərə qarşı mübarizəyə səsləyirdi: xarici ölkə jurnalistlərinə verdiyi müsahibələrdə 20 yanvar hadisələrini, Qorbaçovun və onun əlaltılarının qanlı əməllərini dünya ictimaiyyətinə çatdırmağa çalışırdı.

1990-cı il yanvarın 26-da Xəlil Rza SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları tərəfindən həbs edilib Moskvaya Lefortovo həbsxanasına göndərilir. Aramsız sorğu-sual, ağır ittiham şairin iradəsini qıra bilmir, o, zindanda da mübarizəsini davam etdirir. 8 ay 13 gün öz mühitindən təcrid olunmuş şair odlu-alovlu qəlbinin işığında "Lefortovo gündəliyini, 200-dən çox şeir, poema və məktubunu qələmə alır. Bu əsərlər mübariz şairin ictimai-siyasi dünyagörüşünü əks etdirməklə yanaşı, öz siqləti, bədii dəyəri, məzmunu cəhətdən milli poetik fikri zənginləşdirən misilsiz abidədir. "Lefortovo gündəliyi" şairin qəbul etdiyi Ulutürk təxəllüsünün vəsiqəsidir.

Xəlil Rza 1990-cı il yanvarın 29-dək - 40 illik ədəbi-bədii yaradıcılığı dövründə öz əsərlərini "Xəlil Xəlilov", "Xəlil Xəlilbəyli", "Xəlil Odsevər", "Xəlil Rza" təxəllüsləri ilə çap etdirmişdi. "Xəlil Rza Ulutürk" təxəllüsü isə şairin keçdiyi mübarizə yolunun, ədəbi-mənəvi axtarışlarının məntiqi nəticəsi idi. Şair ömrünün son illərində, dörd il beş ay 22 gün - 1994-cü il iyun ayının 22-də dünyasını dəyişən günədək yazdığı şeirlərdə və nəşr etdirdiyi kitablarda Xəlil Rza Ulutürk imzasını qoymuşdur. Şairin vəfatından sonra, onun ömür-gün yoldaşı Firəngiz xanım XX əsrin axırlarından bu günədək Xəlil Rzanın şeirlərini, gündəliklərini və tərcümələrini sahmana salıb sanballı kitab halında Xəlil Rza Ulutürk imzası ilə nəşr etdirməkdədir.

Zaman keçsə də, Xəlil Rza Ulutürk yaddaşlardan heç vaxt silinməyəcək. Poeziya pərəstişkarları onun təzə-tər gül-çiçəyə qərq olmuş möhtəşəm "canlı" heykəlini həmişə ziyarət edəcək, xatirəsini əziz tutacaqlar.

Digər xəbərlər