Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, "Azərbaycan Teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramına uyğun olaraq noyabr ayının 1-dən 6-dək Bakıda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, UNİMA Beynəlxalq Kukla Teatrları Assosiasiyası və TÜRKSOY Uluslararası Kültür Təşkilatı ilə birgə Beynəlxalq Kukla Teatrları Festivalı keçiriləcək. Festival Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunur.
Festival çərçivəsində 16 ölkədən 20-dən çox kukla teatrı - A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı, Qax Dövlət Kukla Teatrı, "Bəbək" Televiziya Teatrı, Böyük Britaniyadan "Kağız kino", Rumıniyadan "Qonq", İspaniyadan "Pley Ground", Türkiyədən "Pəmbə qurbağa", İordaniyadan "Arab Rey", Avstriyadan "Fiqur", Gürcüstandan "Budruqana" və "Multi-pulti dünyası", Misirdən "Vel ya Vel", Başqırdıstandan "Qursaq", İran İslam Respublikasından "Saina", Litvadan "Lele", Tatarıstandan "Ekiyat", Estoniyadan Rauf Avşar Teatrı, Özbəkistandan Xorezm Vilayət Kukla Teatrı, Ukraynadan Poltava Akademik Vilayət Kukla Teatrı, Çuvaşiyadan Çeboksarı Dövlət Kukla Teatrı, Həştərxandan Dövlət Kukla Teatrı, Qazaxıstandan Petropavlovsk Dövlət Kukla Teatrı çıxış edəcəkdir. Noyabr ayının 2-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Şərq və Qərbin kukla dünyası: ideya, təşəkkül, texnika" adlı elmi-simpozium keçiriləcək. Simpoziumda nüfuzlu beynəlxalq teatr təşkilatlarının rəhbərləri - UNİMA-nın baş katibi Jacques Trudeau (Paris), UNİMA-nın vitse prezidenti Stanislav DUBRAVA (Çexiya), ASSİTEJ-in Prezidenti İvetta HARDİ (Cənubi Afrika), Teatr Tənqidçiləri Beynəlxalq Assosiasiyasının Baş Katibi Mişel VAİS (Kanada), BTİ-nin Yaxın Şərq Ölkələri üzrə koordinatoru İbrahim ASSİRİ (Səudiyyə Ərəbistanı), Fuceyra Beynəlxalq Monodram Festivalının direktoru Məhəmməd Saif əl-ALKHAM (BƏƏ), İliya Universitetinin rektoru Levan XETAQURİ (Gürcüstan) iştirak edəcəklər.
Azərbaycan Dövlət Kukla Teatrında 2-6 noyabr tarixlərində Böyük Britaniya, İspaniya, Türkiyə, Avstriya kukla teatrları mütəxəssislərinin iştirakı ilə ustad dərslər keçiriləcəkdir.
Noyabr ayının 1-də Azərbaycan Dövlət Kukla Teatrında media nümayəndələri üçün mətbuat konfransı keçiriləcəkdir.
Bütün Polşa onun haqqında danışır...