PDF Oxu

Mədəniyyət

  • 232

Beynəlxalq kitab sərgisi

Beynəlxalq kitab sərgisi

Mədəniyyət və Turizm İdarəsindən verilən məlumata görə, Almaniya Federativ Respublikasının Frankfurt şəhərində keçirilən beynəlxalq kitab sərgisində ölkəmiz uğurla təmsil olunub. Sərgidə Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin İnformasiya və reklam sektorunun baş məsləhətçisi Aslan Cəfərov, şöbənin Nəşriyyat sektorunun məsləhətçisi Elbəy Əli, Heydər Əliyev Fondunun təmsilçisi Xəyalə Mikayılova, Faiq Məstanov və başqaları iştirak ediblər. Daha sonra nümayəndə heyətinə Milli Kitabxananın direktoru Kərim Tahirov, xalq yazıçısı Çingiz Abdullayev, Xarici İşlər Nazirliyinin İkinci Avropa şöbəsinin müdiri Rizvan Nəbiyev qoşulublar.

Sərgidə ölkəmizə məxsus 40 kv m-lik stenddə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini, Prezident İlham Əliyevin, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətini əks etdirən kitablar, dövlətçiliyimizə, tariximizə, Qarabağa dair nəşrlər ziyarətçilərə təqdim edilib. Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Milli Kitabxananın hədiyyə fondunda saxlanılan və ölkənin digər qurumlarının, nəşriyyatlarının zəngin mədəniyyətimizə və incəsənətimizə həsr olunmuş Azərbaycan, ingilis, alman və rus dillərindəki nəfis tərtibatlı kitablar da ekspozisiyada yer alıb.

Sərgi boyunca dövlətçilik tariximiz, Qarabağ həqiqətləri, mədəniyyətimiz barədə kitablar, turizm potensialımız haqqında müxtəlif bukletlər və digər nəşr məhsulları öz poliqrafik keyfiyyətinə, zəngin məzmununa görə daim diqqət mərkəzində olub. Nəşr məhsullarımızdan bəziləri stendimizi ziyarət edən, kitablarımızla maraqlanan xarici vətəndaşlara hədiyyə olunub.

Bir məqamı da diqqətə çatdıraq ki, bədnam qonşularımız, həmişə olduğu kimi, bu sərgidə də təxribat əməllərindən qalmayaraq, Qarabağı erməni ərazisi kimi göstərən xəritə və nəşrləri təqdim etməyə çalışıblar. Bununla bağlı Azərbaycan nümayəndə heyəti tərəfindən sərginin Təşkilat Komitəsinə müraciət edilib və ərazi bütövlüyümüzün, beynəlxalq hüququmuzun pozulduğu bildirilib. Məsələ Təşkilat Komitəsi tərəfindən araşdırılaraq Ermənistan pavilyonundakı həmin materiallar məcburi olaraq yığışdırılıb.

Digər xəbərlər