Noyabrın 2-də T.Quliyev adına 12 saylı uşaq musiqi məktəbi Mədəniyyətşünaslıq Elmi-Metodiki Mərkəzlə birgə bəstəkar, pianoçu, dirijor T.Quliyevin xatirəsinə həsr olunmuş "Kinomuz-musiqimiz" adlı ədəbi-bədii kompozisiya keçirəcək.
Tədbiri kinoşünas, əməkdar incəsənət xadimi Aydın Kazımzadə aparacaq. Tədbirdə Azərbaycan filmlərindən mahnılar səslənəcək, T.Quliyevin və bir çox bəstəkarların yaradıcılığına müraciət ediləcək. Azərbaycanın xalq artisti, Azərbaycan caz və estrada musiqisinin banilərindən biri Tofiq Quliyev 1917-ci il noyabrın 7-də dünyaya göz açıb. O, 12 yaşında Azərbaycan Dövlət Konservatoriyası yanında peşə məktəbini bitirdikdən, sonra isə Konservatoriyaya daxil olub. Həm İ.S. Aysberqin sinfində fortepiano, həm də S.Q. Ştrasserin sinfində dirijorluq dərsi alıb və 1936-cı ildə Konservatoriyanı bitirib. T.Quliyev 1931-ci ildə "Məktəbli" mahnısını bəstələyib. 1935-ci ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında dirijorluğa başlayıb. 1936-cı ildə bəstəkar Z.Baqnrovla birgə "Rast", "Segah", "Zabul", "Dügah" muğamlarını fortepianoda hazırlayıb. Üzeyir Hacıbəyovun təşəbbüsü ilə təhsilini davam etdirmək üçün Moskva Dövlət Konservatoriyasına göndərilib. Tezliklə orada A. Tfasmanın rəhbərlik etdiyi orkestrdə pianist işləməyə başlayıb. 1941-ci ildə "Qırmızı ordu" ansamblını yaradıb. 402-ci diviziyanın tərkibində çalışan ansambl üçün müxtəlif patriotik mahnılar yazıb. İki il sonra iki yerə bölünən ansamblın "Qırmızı flot" hissəsinin rəhbəri olub.
Müharibədən sonra M. Əzizbəyov, S. Vurğun, M. Qorki (gənc tamaşaçılar) teatrları ilə əməkdaşlıq edib. XX əsrin 40-cı illərindən həm də kino sahəsində işləməyə başlayıb. Sonra isə o, Moskva Dövlət Konservatoriyasında təhsilini davam etdirib. 1951-ci ildə aspiranturaya daxil olub və A.Qaukun rəhbərliyi altında elmi iş müdafiə edib. Həmin il "Azərbaycan xalq rəqsləri" toplusunu hazırlayanlardan biri olub. Filarmoniyanın bədii rəhbəri, sonra direktoru olan Tofiq Quliyev bir çox beynəlxalq konfrans, festival və incəsənət günlərində iştirak edib. XX əsrin 70-ci illərinin sonlarında bir çox uşaq və gənc musiqi müsabiqələrini, o cümlədən, "Bakı payızı"nı yaradıb. 1990-cı ildən ömrünün sonuna kimi Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyətinin sədri vəzifəsində çalışıb.
Tofiq Quliyev 2000-ci ildə Bakı şəhərində dünyasını dəyişib.
Bütün Polşa onun haqqında danışır...