PDF Oxu

Mədəniyyət

  • 1 623

Akademik Milli Dram Teatrı Özbəkistandan qayıdıb

Akademik Milli Dram Teatrı Özbəkistandan qayıdıb

Akademik Milli Dram Teatrı Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən "Teatr. UZ2" İkinci Beynəlxalq Teatr Festivalında iştirak edib. Festival Özbəkistanın dövlət müstəqilliyinin 20 illiyinə həsr olunub. "Mədəniyyət və İncəsənət Forumu" Fondu (Fond Forum), "Özbəkteatr" Yaradıcılıq-İstehsalat Birliyi və Özbəkistanın Gənclər Teatrı tərəfindən təşkil olunan festivalda yerli kollektivlərlə yanaşı, Almaniya, Böyük Britaniya, İsrail, Ukrayna, Tacikistan kimi ölkələrin müxtəlif teatr kollektivləri də iştirak edib. Teatrın mətbut katibi Elçin Cəfərovun qəzetimizə verdiyi məlumata görə, festivalın rəsmi açılış mərasimi keçirilib və "Rus səhnəsi" (Almaniya, Berlin) teatr kollektivinin ifasında yapon nasiri və dramaturqu Yukio Missimanın "Maskanın tövbəsi" tamaşası nümayiş olunub.

Festival çərçivəsində Daşkənd Dövlət Musiqili Komediya Teatrınının "İyirmiyaşlılar.UZ" (İ.Jiyanov, R.Şerezdanov), Özbəkistan və Almaniyanın müştərək layihəsi olan "Diydor" teatr-studiyasının "Ekizlər" (F.Lüdviq), Özbək Dövlət Dram Teatrının "Medeya" (Evripid), Kokand Şəhər Musiqili Dram Teatrının "Şinel" (N.Qoqol), Özbəkistan Milli Akademik Dram Teatrının "Qum üzərində məhəbbətin gözəlliyi" (A.Raxmatov), Özbəkistan Akademik Rus Dram Teatrının "Balzaminovun evliliyi" (A.Ostrovski), Özbəkistan Gənc Tamaşaçılar Teatrının "Şahzadəni kim xilas edəcək?" (M.Vaytışko), Qaraqalpaq Dövlət Gənc Tamaşaçılar Teatrının "Şərəfli qocalıq" (P.Yoriyev), Ə.Nəvai adına Dövlət Akademik Böyük Opera və Balet Teatrının "Maysarın kələkləri" (S.Yudakov), Özbəkistan və Britaniyanın birgə layihəsi Work in Progressin "Ən kədərli povest..." (U.Şekspir və Ə.Nəvainin əsərləri əsasında), M.Taşmuhammedov adına Kaşkadar Vilayət Musiqili Dram Teatrının "Leyli və Məcnun" (Ə.Nəvai), Özbəkistan Gənclər Teatrının "Kibritli qız" (Q.Anderson), M.Uyğur adına Surxandar Vilayətinin Musiqili Dram Teatrının "Ana" (Ş.Rizaev), Özbəkistan Gənclər Teatrının "Ömər Xəyyam bürcü" (T.Zülfüqarov), Özbəkistan Dövlət Akademik Dram Teatrının "Tənha qadın" (D.Fo, F.Rame), İzrailin Goodman Theatre Ber-Şeva Teatrının "Onunla ilk görüş" (N.Labyut), V.Mayakovski adına Tacikistan Dövlət Rus Dram Teatrının "Rüstəm və Zöhrab", Simferepol Krım-Tatar Akademik Musiqili Dram Teatrı ilə Özbəkistan Milli Akademik Teatrının "Tənha ulduz" (N.Abbosxon) tamaşaları da nümayiş olunub. Kollektiv 24-27 oktyabr tarixlərində Daşkənddə olub. Teatr festivala Fransa yazarı Jan Koktonun "İnsan səsi" pyesi əsasında hazırlanan tamaşa ilə yollanıb.

Tamaşanın quruluşçu rejissoru İlham Elxanoğlu, quruluşçu rəssamı xalq rəssamı, dövlət mükafatı laureatı Nazim Bəykişiyev, musiqi tərtibatçısı Səbuhi Məmmədov, rejissor assistenti Rəfiqə Musayevadır. Tamaşa Sahib Novruzovun tərcüməsi əsasında hazırlanıb. Janrı "iki hissəli melodrama" kimi təyin olunmuş tamaşada rolları xalq artisti Bəsti Cəfərova və əməkdar artist Elşən Cəbrayılov ifa ediblər. Tamaşa Özbəkistan Gənclər Teatrının binasında nümayiş olunub. Milli teatrımız tamaşanı Azərbaycan dilində, rus titrləri ilə nümayiş etdirib. Tamaşada Daşkənddəki Azərbaycan diasporunun üzvləri, Özbəkistanın ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, teatrşünaslar, aktyor və rejissorlar, tələbələr, jurnalistlər iştirak ediblər. Tamaşa böyük maraq hissi ilə qarşılanıb.

Səfər çərçivəsində Akademik Milli Dram Teatrının nümayəndə heyəti Azərbaycanın Özbəkistandakı səfiri Namiq Abbasovun qəbulunda olub. Azərbaycanın Özbəkistandakı səfirliyi səfər zamanı teatra dəstək olub. Milli Dram Teatrının tamaşası nümayiş olunan gün tamaşadan öncə teatrın foyesində Azərbaycanın milli dekorativ-tətbiqi sənətini və ölkəmizin müasir həyatını əks etdirən rəngarəng sərgi təşkil edilib. Sərgidə Azərbaycanın görkəmli sənətçisi Müslüm Maqomayevin ifasında mahnılar səslənib. Teatrın kollektivi, həmçinin, Daşkənddə yerləşən Nizami Gəncəvinin heykəli önünə əklil qoyub və Azərbaycan Mədəniyyəti Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub.

Festival çərçivəsində, həmçinin, bir sıra ustad dərsləri, müzakirələr, seminarlar və "Mərkəzi Asiya teatrlarının dünya teatr prosesində rolu və əhəmiyyəti. İyirmi illik müstəqil teatr prosesinin nəticələri" mövzusunda forum keçirilib. Xatirə kimi Akademik Milli Dram Teatrına festivalın diplomu və simvolik hədiyyə təqdim olunub. Akademik Milli Dram Teatrının bu festivalda iştirakı milli teatrımızın dünya teatr məkanına inteqrasiyası istiqamətində atılan əhəmiyyətli addım kimi dəyərləndirilməlidir.

Digər xəbərlər