PDF Oxu

Mədəniyyət

  • 537

“Biz buradayıq! Dünya bizim gözümüzlə” mövzusunda rəsm sərgisi

“Biz buradayıq! Dünya bizim gözümüzlə” mövzusunda rəsm sərgisi

Bakıda Azərbaycan Uşaqlar Birliyinin təşkilatçılığı, ABŞ-ın ölkəmizdəki səfirliyinin və Merilənd İnstitutu İncəsənət Kollecinin (MİCA) dəstəyi ilə Xızı məktəblilərinin və küçə uşaqlarının "Biz buradayıq! Dünya bizim gözümüzlə" mövzusunda rəsm sərgisinin açılışı oldu.

Tədbirdə çıxış edən ABŞ səfirliyinin ictimai əlaqələr üzrə müşaviri Viktoriya Sloan Virtual İncəsənət Təşəbbüsü proqramı çərçivəsində reallaşdırılan layihə haqqında məlumat verdi. O, bildirdi ki, üç həftə davam etmiş proqram uşaqların bacarıqlarının üzə çıxarılması və onlara qayğı baxımından böyük əhəmiyyətə malikdir. Natiq bu layihənin, əslində, Bakıdan və regionlardan olan küçə uşaqları, aztəminatlı ailələrin övladları ilə amerikalı və yerli rəssamların birgə layihəsi əsasında gerçəkləşdiyini vurğuladı. Adı qeyd olunan kollecin əməkdaşları Ken Krafçek, Natali Tranelli və Ann Kotleba proqram çərçivəsində gənc rəssamlar üçün təlimlər keçiblər.

Viktoriya Sloan uşaqların yaradıcılığına həsr olunan layihənin ABŞ-Azərbaycan dostluğunun əyani sübutu olmasından və iki ölkə arasında əlaqələrin daha da dərinləşməsində mühüm rolundan danışaraq, proqramın gələcəkdə də davam etdiriləcəyini iştirakçıların diqqətinə çatdırdı.

Tədbirdə layihə iştirakçılarına sertifikat təqdim olundu. K.Krafçek, N.Tranelli və Ann Kotlebaya isə Azərbaycan Uşaqlar Birliyinin fəxri üzvü diplomuna layiq görüldülər.

Çıxışlar sona yetdikdən sonra tədbir iştirakçıları salonda təşkil edilmiş sərgiyə tamaşa etdilər.

Digər xəbərlər