Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bu günlərdə Danimarkanın paytaxtı Kopenhagen şəhərində təşkil edilmiş Beynəlxalq Etnik Musiqi Sərgisində (World Music Expo) Azərbaycan musiqiçiləri ilk dəfə iştirak etmişlər. Sərgiyə Azərbaycanla yanaşı, Britaniya, Rusiya, Argentina, Türkiyə, Yaponiya, Fransa, İran, İspaniya, Braziliya, Latviya və digər ölkələrin təmsilçiləri qatılmışlar. Bu möhtəşəm sərgidə iştirak etmək üçün ayrı-ayrı ölkələrdən ümumilikdə 750 ərizə verilsə də, onlardan yalnız 30-u qəbul olunmuşdur.
Beynəlxalq Etnik Musiqi Sərgisində Azərbaycanı xalq artisti Mənsum İbrahimov və "Qarabağ" muğam qrupunun digər üzvləri - əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança), Nizami Allahverdiyev (balaban) və nağara ifaçısı Kamran Kərimov təmsil etmişlər.
Sərgidə musiqiçilərimizə çıxış etmək üçün 45 dəqiqə vaxt ayrılmışdır. Təmsilçilərimizin çıxışı böyük rəğbətlə qarşılanmışdır.
Azərbaycan incəsənət ustalarının CD diski musiqimizlə çox yaxından maraqlanan Kopenhagen Universitetinin kitabxanasına hədiyyə olunmuşdur.
Sərginin konsert müdiri Aleksander Valter Azərbaycan təmsilçilərinin çıxışına yüksək qiymət vermişdir. Konsertin meneceri Avropa tərəfindən Natəvan Hüseynova, Azərbaycan tərəfdən isə Azad Azərbaycan radiosunun direktoru, aparıcı Emin Musəvi olmuşdur.
Qeyd edək ki, 20 ilə yaxındır ki, Avropanın müxtəlif ölkələrində keçirilən Beynəlxalq Etnik Musiqi Sərgisinin mərkəzi Berlin şəhəridir.
Səfər çərçivəsində "Vətən" Cəmiyyəti və onun rəhbəri Səfər Sadiqinin təşəbbüsü ilə Danimarkada yaşayan azərbaycanlılarla görüş keçirilmişdir. Görüş çərçivəsində musiqiçilər azərbaycanlılar üçün konsert proqramı ilə çıxış etmişlər. Konsertdə azərbaycanlılarla yanaşı danimarkalılar, türklər, türkmənlər, uyğurlar və digər xalqların da nümayəndələri olmuşdur. Mənsum İbrahimovun ifası hamını heyran etmişdir. Konsertin sonunda "Vətən" Cəmiyyətinin sədri Səfər Sadiqi tamaşaçılar adından "Qarabağ" muğam qrupuna təşəkkürünü bildirmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Bütün Polşa onun haqqında danışır...