PDF Oxu

Mədəniyyət

  • 620

Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid

Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid

Naxçıvan Dövlət Universitetində "Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid" çoxcildliyinin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində Ərtoğrol Cavidin yaradıcılıq fəaliyyəti haqqında geniş məruzə ilə çıxış edən NDU-nun rektoru, akademik İsa Həbibbəyli çoxcildlik haqqında iştirakçılara ətraflı məlumat verib. O, çoxcildliyin ərsəyə gəlməsində rolu olan redaksiya heyətini, başda redaksiya heyətinin sədri AMEA prezidenti, akademik Mahmud Kərimov olmaqla, layihənin rəhbəri AMEA Hüseyn Cavidin ev-muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlını təbrik edib.

Sonra G.Babaxanlı "Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid" 10 cildliyinin tərtibi və nəşri Azərbaycan cavidşünaslığının nailiyyəti kimi" mövzusunda məruzə ilə çıxış edib. O, Ərtoğrol Cavidin Hüseyn Cavidin ev-muzeyindəki şəxsi arxivində saxlanılan materialların içərisində Azərbaycanın müxtəlif bölgələrindən toplanmış adət-ənənələr, dastanlar, aşıq şeirləri, nağıllar, klassik musiqi nümunələri və muğamlar haqqında şərhlərinin olduğunu qeyd edib: "Maraqlıdır ki, Ərtoğrol Cavid bütün bu toplanan materialları təhlil edərək musiqi, folklor, dil baxımından mükəmməl araşdırmalar aparıb. Bu dəyərli materialların işıq üzü görməsi ömrünün baharında həyatdan köçmüş Ərtoğrolun ruhunu kim bilir nə qədər şad etmişdir". Təqdimat mərasimində, həmçinin, redaksiya heyətinin üzvləri AMEA-nın müxbir üzvü Teymur Kərimli, filologiya elmləri doktoru, professor Kamran Əliyev, filologiya elmləri doktoru Gülşən Əliyeva, professor Cəlal Nağıyev və başqaları çıxış edərək, çoxcildlik haqqında fikirlərini bölüşüblər, çoxcildliyin Ərtoğrol Cavidin yaradıcılığının öyrənilməsi və təbliğində gələcək elmi tədqiqatlara mənbə olacağını bildiriblər.

Digər xəbərlər