Azərbaycan Dövlət Film Fondunda tanınmış aktyor Gündüz Abbasovun şəxsi arxiv fondu yaradılıb. Film Fondunun mətbuat xidmətinin rəhbəri Rəşad Qasımovun verdiyi məlumata görə, aktyorun fonduna 40-a yaxın foto-material daxil olub. Bu sənədlərin bəziləri şəxsi arxivlərdən götürülüb. Bəziləri isə fotoqraf Pərviz Quliyevin vaxtilə çəkdiyi fotolardır.
Qeyd edək ki, Gündüz Abbasov ötən əsrin 50-60-cı illərinin ən məşhur aktyorlarından biri olub. "Əsil dost", "Bir qalanın sirri", "Bizim küçə", "Leyli və Məcnun", "Telefonçu qız", "Torpaq, dəniz, od, səma", "Dədə Qorqud", "Nizami" və digər filmlərdə çəkilib.
Bununla yanaşı, Azərbaycan Dövlət Film Fondu Rusiya Dövlət Film Fondu ilə birgə xalq artisti, kinorejissor Tofiq İsmayılovun "Əzablı yollar" ("Məlikməmməd") film-nağılını bərpa edib. Rəşad Qasımov onu da qeyd edib ki, filmin bərpası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilib. 1982-ci ildə "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan filmin ssenari müəllifi Oqtay Məmmədov, quruluşçu rejissoru Tofiq İsmayılov, quruluşçu operatoru Şərif Şərifovdur. Baş rollarda Yaşar Nuri, Eldəniz Zeynalov, Siyavuş Aslan, Həmidə Ömərova və başqaları çəkiliblər.
Azərbaycanın məşhur "Məlikməmməd" nağılı əsasında çəkilən film uşaqlar üçün nəzərdə tutulub. Filmin bərpa olunmuş variantı bu yaxınlarda AzTV-də nümayiş olunacaq.
Rəşad Qasımov onu da qeyd etdi ki, Dövlət Film Fondunda görkəmli kinorejissor, əməkdar incəsənət xadimi, dövlət mükafatı laureatı Arif Babayevin "Alma almaya bənzər" filmi də bərpa olunub. 1975-ci ildə "Azərbaycanfilm" kinostudiyasında çəkilən filmin ssenari müəllifi Alla Axundova, quruluşçu operatoru Valeri Kərimov, bəstəkarı Ramiz Mirişlidir. Baş rollarda Hüseynağa Sadıqov, Fazil Salayev, Hacıbaba Bağırov, Səfurə İbrahimova və başqaları çəkiliblər.
Bütün Polşa onun haqqında danışır...