PDF Oxu

Mədəniyyət

  • 171

Mirzə İbrahimovun 100 illik yubileyi qeyd olunacaq

Mirzə İbrahimovun 100 illik yubileyi qeyd olunacaq

Noyabrın 24-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli ictimai xadim, xalq yazıçısı Mirzə İbrahimovun anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Mirzə İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında" 19 iyul 2011-ci il tarixli Sərəncamına əsasən təşkil olunan yubiley tədbirində tanınmış ədəbiyyat və incəsənət xadimləri, millət vəkilləri, ziyalılar, mətbuat işçiləri, ictimaiyyət nümayəndələri və yazıçının ailə üzvləri iştirak edəcəklər. Zəngin proqramı olan yubiley tədbirində yazıçının pyeslərindən hissələr oynanılacaq, tanınmış musiqiçilərin ifaları səslənəcək və yazıçı ilə bağlı filmlərdən kadrlar nümayiş olunacaq.

Qeyd edək ki, o, bədii yaradıcılığa fəhlə ədəbiyyat dərnəyinin üzvlüyündən başlamışdır. Onun "Qazılan buruq" adlı ilk şeiri 1930-cu ildə "Aprel alovları" məcmuəsində dərc olunmuşdur. Bundan sonra dövri mətbuatda şeirləri nəşr edilmişdir. O, ilk tənqidi, publisist məqalələrini, hekayə və oçerklərini də 30-cu illərdə yazmışdır. 1932-ci ildə beşilliklərin nəhəng tikintilərini və sosialist sənayesinin inkişaf sürətini öyrənmək üçün Ukraynada-Donbas şaxtalarında, Dnepropetrovsk sənaye müəssisələrində səfərdə olmuşdur. SSRİ Elmlər Akademiyasının Leninqraddakı Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil almışdır. M.F.Axundov adına Azərbaycan Dövlət və Balet Teatrının direktoru vəzifəsində çalışmışdır. İkinci Dünya müharibəsinin ağır sınaq illərində əsərləri, fabrik-zavodlarda, kəndlərdə əsgəri hissələrdə odlu-alovlu çıxışları ilə düşmənə nifrət və qəzəb aşılayırdı. 1941-ci ildə Cənubi Azərbaycanda olarkən "Vətən yolunda" qəzetinin məsul redaktoru vəzifəsində işləmişdir. 1942-ci ildə Uzaq Şərqdə Xabarovsk, Vladivostok və s. hərbi dairələrdə 416-cı diviziyanın döyüşçüləri ilə görüşlərdə iştirak edir. Bu dövrlərdə hekayə, povest və romanlarla yanaşı, səhnə əsərlərini qələmə almışdır. V.Şekspirin "Kral Lir", "On ikinci gecə, yaxud hər nə istəsəniz", A.N.Ostrovskinin "Quduz pullar", "Müdrik olan hər kəsə kifayətdir sadəlik", A.P.Çexovun "Üç bacı", Molyerin "Don Juan" pyeslərini Azərbaycan dilinə tərcümə etmişdir. Azərbaycan SSR xalq maarif komissarı vəzifəsində çalışmışdır. Azərbaycan EA təsis edilərkən onun ilk həqiqi üzvlərindən biri seçilmişdir. Sovet Həmkarlar İttifaqı Heyətinin tərkibində İranda səfərdə olmuşdur. Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin sədri, birinci katibi, SSRİ Yazıçılar İttifaqı idarə heyətinin katibi, Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin müavini, Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin sədri vəzifələrində işləmişdir. 1977-ci ildən Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin sədri kimi dəfələrlə Amerika, İngiltərə, Fransa, Portuqaliya, Misir, Kipr, Suriya, Zambiya ölkələrində səfərdə olmuş, beynəlxalq konqres, sessiya və müşavirələrdə sovet nümayəndə heyətinin başçısı olmuşdur. Onun başçılığı ilə komitə möhkəm sülh uğrunda mübarizə məqsədi ilə Əfqanıstanda, Vyetnamda, Mali adasında və digər ölkələrdə tədbirlər keçirmişdir. O, milli filologiya üzrə elmi kadrların hazırlanması sahəsində böyük işlər görmüşdür. Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda direktorluq etdiyi dövrdə dilçilik və ədəbiyyatşünaslıq elminin yeni, yüksək səviyyədə tədqiqini təşkil etmiş, üçcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin yaranmasında ciddi əməyi olmuşdur. Ömrünün axırınadək Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, çoxcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin redaksiya heyətinin üzvü olmuşdur. Onun əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və bir çox xarici dillərə tərcümə edilmişdir.

Yubiley gecəsində teatrın foyesində Mirzə İbrahimovun kitablarından, onun həyat və yaradıcılığını əks etdirən çap məhsullarından ibarət sərgi açılacaq.

Digər xəbərlər