PDF Oxu

Mədəniyyət

  • 350

Argentinada Azərbaycan  həftəsi keçirilir

Argentinada Azərbaycan həftəsi keçirilir

Buenos-Ayres şəhərində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünün qeyd edilməsi çərçivəsində akademik, ictimai və mədəni tədbirlər həftəsi öz işini davam etdirir. Tədbirlərdə iştirak üçün Azərbaycandan millət vəkilləri, tanınmış ziyalılar ezam ounublar.

Tədbirlər həftəsi çərçivəsində Argentina Milli Kitabxanasında Azərbaycanla bağlı nəşrlərdən ibarət fondun yaradılmasının təqdimatı təşkil olunub. Tədbirdə iştirak edən Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə Argentina Respublikası Milli Kitabxanası kimi Latın Amerikasının aparıcı elmi-intellektual və mədəni mərkəzlərindən birində Azərbaycan haqqında müxtəlif dillərdə çap olunmuş nəşrlərdən ibarət fondun yaradılmasını vacib hadisə kimi qiymətləndirib. O, Argentinada Azərbaycan haqqında nəşrlərdən ibarət ilk belə bir fondun yaradılmasının Azərbaycanın tarixi, mədəniyyəti, ənənələri, hazırkı reallıqları haqqında argentinalıların yaxından tanış olmasına töhfə verəcəyini bildirərək, fondun getdikcə daha da zənginləşdirilməsinə səfirliyin daim dəstək verəcəyini deyib.

Tədbirdə Azərbaycanla bağlı belə bir fondun yaradılması üçün səfirlik tərəfindən Argentina Respublikası Milli Kitabxanasına hədiyyə olunan ölkəmiz haqqında 100-dən artıq müxtəlif dillərdə kitab, jurnal və materiallardan ibarət nəşrlərin siyahısı, eləcə də, Heydər Əliyev Fondu tərəfindən nəşr olunmuş "Azərbaycan" kitabı ilə birlikdə Milli Kitabxananın prezidenti, Argentinanın tanınmış sosioloqu və ictimai xadimi Horasio Gonzalesə təqdim edilib.

Öz tərəfindən, Milli Kitabxanada Azərbaycanla bağlı belə bir fondun yaradılmasından məmnunluğunu ifadə edən H.Gonzales bunun məsafəcə bir-birinə uzaq olan Azərbaycan və Argentinanı yaxınlaşdıran simvolik amillərdən birinə çevriləcəyini və Azərbaycanın zəngin mədəni və tarixi irsini Argentinada tanıtmaqda faydalı olacağına əminliyini dilə gətirib.

Azərbaycandan Argentinaya səfər etmiş Azərbaycan nümayəndə heyəti adından çıxış edən millət vəkili Asim Mollazadə Azərbaycanın tarixən müxtəlif sivilizasiyaların qovşağında yerləşən çox mədəniyyətli bir ölkə olmasından, ölkəmizin qədim və zəngin tarixi-mədəni irsindən danışıb. O, bu gün də Azərbaycanın sivilizasiyalararası dialoqa, habelə, Xəzər bölgəsi ilə Avropa arasındakı əməkdaşlığa verdiyi töhfə barədə məlumat verib. Gələn il Avropanın ən nüfuzlu musiqi festivalı olan "Eurovision"un Bakıda keçiriləcəyini vurğulayan millət vəkili Azərbaycan gözəllikləri ilə tanış olmaq üçün argentinalıları ölkəmizə dəvət edib.

Tədbirdə Argentina Respublikası Milli Kitabxanasında yaradılan Azərbaycanla bağlı fonddakı nəşrlərin nümayişi, habelə, Azərbaycanın görməli yerlərinin fotosərgisi və milli mətbəximiz də təqdim olunub.

Tədbirə Argentinanın elmi-mədəni, ictimai-siyasi çevrələrinin, kütləvi informasiya vasitələrinin, Buenos-Ayresdə akkreditə olunan diplomatik korpusun nümayəndələri qatılıb.

Digər xəbərlər