PDF Oxu

Mədəniyyət

  • 144

Abbas Zamanovun 100 illik yubileyi qeyd olunacaq

Abbas Zamanovun 100 illik yubileyi qeyd olunacaq

AMEA Rəyasət Heyətində tanınmış alim, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, mətnşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın əməkdar elm xadimi, Türk Dil Qurumunun müxbir üzvü, Səlcuq Universitetinin (Türkiyə) fəxri doktoru, AMEA-nın müxbir üzvü Abbas Zamanovun 100 illik yubileyinə həsr edilmiş tədbir keçiriləcək. Tədbir 29 dekabr tarixində təşkil olunacaq.

Qeyd edək ki, ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru, professor olmuş Abbas Zamanovun 100 illik yubiley tədbirinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalamışdır. Məlum Sərəncamdan irəli gələrək bir sıra silsilə tədbirlər keçirilməkdədir.

Azərbaycan ədəbiyyatşünaslığının inkişafında xidmətləri olan Abbas Zamanov tərcübəli pedaqoq, görkəmli ədəbiyyatşünas - tənqidçi və tədqiqatçı - alim olaraq yaddaşlara həkk olunub. Yaşadığı ömür yolunda fəaliyyət dairəsini genişləndirmiş, xidməti ilə Azərbaycan elminin inkişafına töhfələrini vermişdir. 1911-ci ildə Naxçıvanın Şərur rayonundakı Maxta kəndində anadan olan Abbas Zamanovun tərcümeyi-halında qeyd olunur ki, o, 1926-cı ildə Bakı Pedaqoji Texnikumuna qəbul olunmuş və oranı 1929-cu ildə bitirmişdir. O, 1929-1933-cü illərdə Astraxanbazar, Əli Bayramlı rayonları, Kirovabad və Bakı şəhərlərində komsomol təşkilatlarında müxtəlif vəzifələrdə çalışmışdır. 1933-1935-ci illərdə "Gənc işçi" qəzeti məsul redaktorunun müavini olmuşdur. 1935-ci ildə yenidən Naxçıvana komsomol işinə göndərilmiş, iki il orada çalışmışdır.

Abbas Zamanov 1937 - 1939-cu illərdə "Ədəbiyyat qəzeti"nin məsul katibi, 1939 - 1941-ci illərdə əvvəlcə Müslüm Maqomayev adına Azərbaycan Dövlət filarmoniyasının, sonra isə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru vəzifələrində işləmişdir. O, eyni zamanda, təhsilini davam etdirərək Azərbaycan Dövlət Qiyabi Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirmişdir. 1948 - 1960-cı illərdə Azərbaycan Dövlət Universitetində dərs demişdir. O, səkkiz ilə yaxın Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi kimi çalışmış, 1968 - 1971-ci illərdə Nizami adına Azərbaycan Dövlət Ədəbiyyat Muzeyinə başçılıq etmişdir. 1971-ci ildən Azərbaycan Dövlət Universiteti sovet ədəbiyyatı kafedrasının müdiri olmuşdur.

1930-cu illərdən elmi fəaliyyətə başlayan Abbas Zamanov bu sahədə səmərəli və əhəmiyyətli işlər görmüşdür. O, Böyük Vətən müharibəsi illərində sovet əsgərlərinin vətənpərvərlik və döyüş əzmini əks etdirən bir sıra maraqlı oçerklər yazmışdır. Bu oçerklər həmin illərdə müxtəlif qəzet, jurnal və kitablarda dərc olunmuşdur.

1950-ci illərdən sonra tənqidçi alim klassik yazıçılarımızın yaradıcılığının öyrənilməsi və təbliği, əsərlərinin toplanması və nəşri məsələləri ilə ciddi məşğul olmuş, özünü bacarıqlı tədqiqatçı kimi göstərmişdir. Süleyman Sani Axundov, Əbdürrəhimbəy Haqverdiyev, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Sultan Məcid Qənizadə və başqalarının əsərlərinin toplanıb nəşr olunmasında onun böyük xidmətləri vardır. "Sabir və müasirləri" mövzusu alimin tədqiqatında xüsusi mərhələ təşkil edir. Bu mövzu üzrə o, 1965-ci ildə filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmiş və Azərbaycna SSR EA Elmi Şurasının qərarı ilə ona filologiya elmləri doktoru alimlik dərəcəsi verilmişdir. Abbas Zamanov yüzdən çox elmi məqalə, resenziya və monoqrafiyanın müəllifidir. Onun bir sıra məqalələri müxtəlif xarici dillərdə çap olunmuşdur. O, bir sıra medallarla təltif edilmişdir. Ədəbiyyat tariximizi vərəqlədikcə görürük ki, o, xalqın maariflənməsi, mədəniləşməsi üçün daha xoşbəxt gələcəyi uğrunda yorulmadan qələm işlətmişdir.

Digər xəbərlər