PDF Oxu

Mədəniyyət

  • 136

“Azərbaycana səyahət” devizi altında milli musiqimiz təbliğ olunub

“Azərbaycana səyahət” devizi altında milli musiqimiz təbliğ olunub

Parisdəki Dmitri Şostakoviç Beynəlxalq Assosiasiyasının təşəbbüsü və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə "Azərbaycana səyahət" devizi altında Azərbaycan musiqisinin təbliği ilə bağlı silsilə tədbirlərin davamı olaraq Adyar konsert salonunda "Dmitri Şostakoviç, Qara Qarayev və Firəngiz Əlizadə" adlı konsert proqramı təşkil edilib. Bakı şəhər Mədəniyyət və Turizm idarəsinin məlumatına görə, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyovun, fransız musiqisevərləri nümayəndələrinin və diaspor təmsilçilərimizin iştirak etdiyi konsertin birinci hissəsində azərbaycanlı skripkaçı Cavad Tağızadə və finlandiyalı pianoçu Jeva Martila dahi Azərbaycan bəstəkarı Qara Qarayevin piano və skripka üçün sonata və "Tsarskoye Seloda heykəl" əsərlərini ifa ediblər. Mayu Sato-Bremod, Hyovon Çi və Karolin Liebi Qara Qarayevin müəllimi olmuş görkəmli rus bəstəkarı Dmitri Şostakoviçin əsərlərindən parçaları səsləndiriblər.

İkinci hissədə bəstəkar Firəngiz Əlizadə tanınmış violonçelçalan İvan Monigetti ilə birlikdə tələbkar fransız musiqisevərləri qarşısında çıxış ediblər. Monigettinin violonçelin simlərində kövrək notları məharətlə ifa etməsi ürəkləri riqqətə gətiribdir. Onu royalda müşayiət edən F.Əlizadə isə musiqisevərlərə Azərbaycan musiqisinin ecazkarlığını nümayiş etdirib. Dirijor Aleksandr Qrandenin rəhbərlik etdiyi ansamblın ifasında F.Əlizadənin "Krossinq ll" əsəri də tamaşaçılarda xoş təəssürat yaradıb. Azərbaycanlı bəstəkarın hər çıxışı iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanıb və sürəkli alqışlara səbəb olub. Konsertin sonunda İza Laqard və Yelena Gaburi Dmitri Şostakoviçin "Gaetano Braqa" əsərindən ariyanı ifa ediblər.

Digər xəbərlər