Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dövlət mükafatları laureatı, "İstiqlal" ordenli xalq rəssamı Mikayıl Abdullayevin 90 illiyinə həsr olunmuş sərgi keçiriləcəkdir. Sərginin açılışı dekabr ayının 9-da Azərbaycan Milli İncəsənət Muzeyində baş tutacaqdır. Bundan əlavə, rəssamın doğum günündə (19 dekabr) qəbirüstü abidəsi ictimaiyyət nümayəndələri tərəfindən ziyarət olunacaq, eyni zamanda, Azərbaycan Milli İncəsənət Muzeyində M.Abdullayevin həyat və yaradıcılığına həsr olunmuş dəyirmi masa təşkil olunacaqdır.
Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi Mikayıl Hüseyn oğlu Abdullayev 1921-ci il dekabr ayının 19-da Bakı şəhərində anadan olmuşdur. 1939-cu ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini, 1949-cu ildə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunu bitirmişdir. Mikayıl Abdullayev Ə.Əzimzadə, İ.E.Qrabar, V.V.Favorskaya, S.V.Qerasimov və b. görkəmli rəssamlardan dərs almış, hələ 18-20 yaşlarından böyük sənətkarların diqqətini cəlb etmişdi. İlk fərdi sərgisi 36 yaşında Moskvada keçirildi. Şöhrət də onu bu zaman haqladı. O, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, SSRİ Rəssamlar İttifaqının katibi seçildi. Mikayıl Abdullayev əli fırça tutandan son nəfəsinə qədər yalnız istedadına, gecəli-gündüzlü qatlaşdığı zəhmətinə güvənmişdi. Gərgin yaradıcılıq axtarışları, sənətdə iddialılığı isə hədər getməmişdi. Müxtəlif fəxri adlara, təltiflərə layiq görülmüşdü. SSRİ xalq rəssamı, SSRİ dövlət və C.Nehru adına Beynəlxalq mükafatlar laureatı, professor, ən əsası zərif qəlbli, kövrək ürəkli insan kimi tanınmışdı. Geniş yaradıcılıq və pedaqoji fəaliyyəti ilə yanaşı, o, həm də ictimai xadim kimi bir neçə dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.
Rəssamlarımız arasında Mikayıl Abdullayev kimi ikinci bir fırça ustası tapılmaz ki, o öz yaradıcılığı ilə klassik və müasir Azərbaycan ədəbiyyatına onun qədər möhkəm bağlı olsun. Dahi Nizamidən başlamış bu gün yazıb-yaradan şair və nasirlərimizə qədər o, bir çox sənətkarların ya portretlərini yaratmış, ya da onların əsərlərinə - poema, hekayə və romanlarına illüstrasiyalar çəkmişdir. Bunların arasında Nizaminin, Nəsiminin, Füzulinin, Vaqifin, M.F.Axundovun Aşıq Ələsgərin, M.Ə.Sabirin, C.Cabbarlının, S.Vurğunun, Rəsul Rzanın və başqalarının əsərləri vardır. Mikayıl Abdullayevin kitab qrafikasında Azərbaycan ədəbiyyatı nümunələri böyük yer tutur. Şifahi xalq ədəbiyyatından "Kitabi-Dədə Qorqud", "Molla Nəsrəddinin lətifələri", yazılı ədəbiyyatımızdan "Leyli və Məcnun", "Danabaş kəndinin məktəbi", "Poçt qutusu", "Gələcək gün", "Şamo", "Şəbi-hicran" əsərlərinə çəkdiyi illüstrasiyalar Azərbaycan kitab qrafikası sənətinin bitkin nümunələrindəndir.
Böyük Vətən müharibəsi illərində çəkdiyi tarixi kompozisiya və portretlərində sovet vətənpərvərliyini tərənnüm etmişdir. Müharibədən sonrakı illərdə Mikayıl Abdullayevin yaradıcılığı daha da püxtələşmişdir. Müasirlərimizin mənəvi gözəlliyini, doğma təbiəti təsvir edən "Axşam" (1947), "Mingəçevir işıqları" (1948), "Səadət quranlar" (1951) tabloları ölkəmizdə və xaricdə də müvəffəqiyyət qazanmışdır. "Körpəsinin ardınca", "Manqabaşçısı Rəxşəndə" (1955) və s. tablolarında müasir kənd adamları təsvir olunmuşdur. "Sevinc" (1956) tablosu ana məhəbbətini əks etdirir.
Mikayıl Abdullayevin yaradıcılığında xarici ölkə mövzuları da geniş yer tutur. 1956-71-ci illərdə Hindistan, Əfqanıstan, Macarıstan, Polşa, İtaliya və b. ölkələrə səfərləri zamanı çəkdiyi rəsmlər silsiləsində ("Benqal qızları", "Racəstan qadınları", "Qoca əfqan", "C.Mansu" və s) milli və fərdi xarakteristika, plastika, kolorit zənginliyi əsas yer tutur. Əsasən, tematik tablolar ustası kimi tanınan Mikayıl Abdullayev portretlər qalereyası yaratmışdır. "M.Qorki 1928-ci ildə Bakıda", "Ü.Hacıbəyov", "Səməd Vurğun", M.F.Axundov", "M.P.Vaqif", "İmadəddin Nəsimi", "Pianoçu F.Bədəlbəyli" və s. portretlərində rəssam təsvir etdiyi şəxsiyyətlərin daxili aləminə, psixologiyasına nüfuz etmiş, onların xarakterini ustalıqla aça bilmişdir. O, M.İbrahimovun "Gələcək gün", S.Rəhimovun "Şamo" romanlarına, "Kitabi-Dədə Qorqud dastanına", Füzulinin "Leyli və Məcnun" poemasına illüstrasiyalar çəkmişdir.
Mikayıl Abdullayevin əsərləri Paris, London, Berlin, Praqa, Budapeşt, Belqrad, Sofiya, Varşava, Dehli, Qahirə, Brüssel və s. şəhərlərdə nümayiş etdirilmişdir. 1966-1967-ci illərdə Berlin və Leypsiqdə rəssamın fərdi sərgisi keçirilmişdir.
1970-80-cı illərdə onun "Kommunist", "Ədəbiyyat və incəsənət", "İzvestiya", "Literaturnaya qazeta" qəzetlərində, "Azərbaycan", "Qobustan" jurnallarında yüzlərlə publisist, sənət haqqında sanballı məqalələri dərc olunmuşdur. Yazdıqları geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanardı. M.Abdullayevin yaradıcılığında Bakı metrosunun "Nizami" stansiyasının interyerinin tərtibatı xüsusi yer tutur. Oradakı rəsmlər mozaika sənətinin ən gözəl nümunələri kimi zövq oxşayır. Mikayıl Abdullayev 1992-ci ildə 90-cı il qurbanlarına həsr etdiyi "Nakamların dəfni" əsərini yaradıbdır. Rəssamın özü 20 Yanvar faciəsinin şahidi olubdur. Sənətkar bu cinayəti XX əsrin böyük cinayətlərindən biri adlandırırdı.
Müasir Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, SSRİ xalq rəssamı, Azərbaycan dövlət və Beynəlxalq Nehru mükafatları laureatı və "İstiqlal" ordenli professor Mikayıl Abdullayev 2002-ci il avqustun 21-də 81 yaşında vəfat edib.
Bütün Polşa onun haqqında danışır...